Bakı – APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Norveçin Stavanger və Trondheym şəhərlərində ezamiyyətdə olublar.
Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, ezamiyyət “Statoil Azərbaycan” şirkəti tərəfindən BANM ilə Stavanger Universiteti və Trondheymdə fəaliyyət göstərən Norveç Elm və Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunub.
Stavanger şəhərində nümayəndə heyəti “Statoil” şirkətinin ofisində hasilata nəzarət mərkəzinin işi ilə tanış olub, şirkətin universitetlərlə əlaqələri haqqında məlumatlar əldə edib. Daha sonra nümayəndə heyəti Stavanger Universitetinin Neft Texnologiyası Tədqiqat Mərkəzi, sementləmə, neft hasilatının artırılması, neftin və qazın hasilatı, qazıma, yataq texnologiyası laboratoriyalarının işi ilə tanış olub, universitetin beynəlxalq əlaqələr üzrə meneceri Terye Frolland ilə danışıqlar aparıb, elm və texnologiya fakültəsinin dekanı doktor Ole Rinqdal ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandumda BANM müəllimlərinin Stavanger Universitetinə kurslara göndərilməsi, birgə magistr hazırlığı, professorların BANM-də mühazirələr oxuması, bakalavriat hazırlığında iştirak, birgə seminarların və konfransların təşkili sahəsində əməkdaşlıq etmək nəzərdə tutulur.
Stavanger şəhərindəki bütün tədbirlərdə nümayəndə heyətini “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Sorensen müşayiət edib.
Trondheym şəhərində nümayəndə heyəti Norveç Elm və Texnologiya Universitetinin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin idarə edilməsi” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirən kafedralarında tədrisin təşkili, elmi-tədqiqat işləri, tədris və elmi laboratoriyaların fəaliyyəti ilə tanış olub, universitetin beynəlxalq əlaqələr mərkəzinin rəhbəri xanım Hilde Skaye və kitabxanasının direktoru xanım Lizbet Tangen ilə danışıqlar aparıb. Sonda universitetin rektoru Torbyorn Digerneslə əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma magistr hazırlığı proqramının birgə həyata keçirilməsi, BANM-in müəllimlərinin bu universitetdə staj keçməsi, BANM üçün doktoranturada mütəxəssis hazırlığı, birgə elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Ezamiyyət zamanı həm də Norveç Elm və Texnologiya Universitetində magistraturada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib, onlara ARDNŞ-ın inkişaf strategiyası və mütəxəssis hazırlığı perspektivləri haqqında ətraflı məlumat verilib.