Bakı - APA-Economics. ARDNŞ-ın “Azəriqaz” İB Bakının tam qazlaşdırılması, eləcə də istehlakçıların təbii qazla keyfiyyətli təmin olunması ilə əlaqədar tədbirləri davam etdirir.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən başlayaraq Xəzər rayonunun Şağan qəsəbəsi Qazmaçılar küçəsində həyətlərdən keçən yeraltı qaz xətləri küçəyə çıxarılıb və xətlərdə əsaslı təmir işləri aparılıb, 8,8 km uzunluğunda qaz kəməri çəkilib. Analoji işlər Şüvəlan qəsəbəsində də həyata keçirilib, burada 11 km uzunluğunda yeni qaz kəməri çəkilib.
Qaradağ rayonunun Sahil qəsəbəsində, Balıqçılar küçəsində təbii qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar 0,7 km uzunluğunda qaz xətti çəkilib. Qızıldaş qəsəbəsində məhəllədaxili kəmərin yenidən qurulması məqsədilə 2 km, Qobustan qəsəbəsi Salyan yolunun sağ və sol tərəflərində kəmərlərin yenidən qurulması üçün isə 5,32 km uzunluğunda qaz kəmərləri quraşdırılıb. Ələtdəki Baş Ələt yaşayış massivində 0,78 km, Səngəçal qəsəbəsində Əzimkənd və ''Bağ evləri'' ərazisində yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması məqsədi ilə 3,74 km, Korgöz və “AZNS” qəsəbələri ərazilərində qaz xətlərinin yenidən qurulması, eləcə də yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması üçün isə 3,98 km uzunluğunda qaz kəmərləri quraşdırılıb.
Nizami rayonunda da qazlaşdırma işləri uğurla davam etdirilir. Belə ki, 8-ci km qəsəbəsində qaz kəmərlərinin, o cümlədən ''8-ci km əlavə'' qaz kəmərinin yenidən qurulması və 4085-ci məhəllədən keçən müxtəlif diametrli qaz kəmərlərinin təmiri məqsədi ilə mühüm tədbirlər həyata keçirilib, ümumi uzunluğu 1,77 km olan qaz kəmərləri quraşdırılıb.
Bakının Sabunçu rayonu Yeni Ramana və Ramana qəsəbələrində yeni yaşayış sahələrinin qazlaşdırılması, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz xətlərinin yenidən qurulması üçün 47,01 km uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib. Balaxanı qəsəbəsində qaz kəmərinin və məhəllədaxili qaz kəmərlərinin yenidən qurulması məqsədilə 0,32 km qaz xətləri quraşdırılıb. Nardaran qəsəbəsində, o cümlədən Ləyiş bağlarının qaz kəmərlərinin yenidən qurulması üçün 30,78 km yeni qaz xətləri çəkilib. Bakıxanov qəsəbəsində 6,81 km uzunluğunda müxtəlif diametrli qaz kəmərləri quraşdırılıb. Sabunçu və Savalan qəsəbələrinin qaz təchizatının yaxşılaşdırılması üçün 19,31 km qaz kəmərləri çəkilib.
Səbail rayonu Bayıl qəsəbəsi, Buxta küçəsində 0,37 km-lik qaz xətti əsaslı təmir edilib.
Suraxanı rayonu, Bülbülə qəsəbəsində məhəllədaxili qaz kəmərləri yenidən qurulub, 16,56 km uzunluğunda yeni qaz xətti çəkilib, “Altun” yaşayış sahəsi və ətraf küçələrdə qaz kəmərləri əsaslı təmir edilərək 2,96 km uzunluğunda yeni qaz kəməri çəkilib.
Yasamal rayonu, M.Rahim küçəsindəki aşağı təzyiqli qaz kəmərlərinin yenidən qurulması məqsədilə 0,49 km uzunluğunda qaz xətləri çəkilib.
“Azəriqaz” İB əhalinin qaz təminatının daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.