Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC Azərbaycan paytaxtında 30 mindən çox SMS modullu elektrik sayğacı quraşdırıb.
Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, bu, GSM texnologiyaları əsasında işləyən iki tərəfli informasiya daşıma xüsusiyyətinə malik SMS sayğacların 4 minə qədəri qeyri-əhali istehlakçı qrupuna aid abonentlərdir. Sayğaclar əsasən Bakının Nəsimi, Xətai, Yasamal və Nərimanov rayonlarında quraşdırılıb.
Belə ki, sayğaca yüklənmiş məbləğin azaldığı təqdirdə qabaqcadan abunəçiyə SMS vasitəsilə xəbərdarlıq edilir. Bundan sonra balans yüklənməzsə, abonentin elektrik enerjisi məsafədən SMS göndərilərək dayandırılır. Ödəniş təmin edildikdə avtomatik olaraq həmin məbləğ sistemdə əksini tapır və dərhal sistem tərəfindən SMS göndərilərək sayğacın şəbəkəyə qoşulması təmin edilir.
Eyni zamanda, bu tip sayğaclar SMS vasitəsilə idarə edilərək qabaqcadan ödənişli mexanizmə əsasən işləyir və ödəniş informasiyasının sayğaca uzaqdan yüklənməsini təmin edir. Sayğac üzərində yerləşdirilən GSM modemi vasitəsilə sayğaca ödəniş haqqında məlumat göndərilərək balans yüklənir. Sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək SMS vasitəsilə mərkəzə xəbər verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar şəxslərə ötürülür. Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir.