Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi və yeni Dövlət Proqramının təqdim olunması ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye potensialının gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, dövlət başçısının müşavirədə irəli sürdüyü yanaşmalar bir daha göstərdi ki, Azərbaycanın iqtisadi inkişaf siyasətində əsas məqsədlərindən biri milli resurslardan daha səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələrinin inkişafını təmin etməkdir:
“Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Yeni Dövlət Proqramı yalnız hasilatın artırılmasını deyil, hasil olunan xammalın zənginləşdirilməsini, emalını və hazır məhsula çevrilməsini əhatə edən bütöv istehsal zəncirinin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma Azərbaycanın təbii ehtiyatlarının dövriyyəyə daha geniş cəlb edilməsinə, sənayedə əlavə dəyərin yüksəldilməsinə və ölkənin ixrac imkanlarının artmasına töhfə verəcək. Bu da öz növbəsində regionların sosial-iqtisadi inkişafına mühüm təkan verəcək. Yeni istehsal müəssisələrinin yaradılması, logistika və xidmət sahələrinin genişlənməsi, yerli podratçı və təchizatçı şirkətlər üçün imkanların artması, ixtisaslı kadrlara tələbatın yüksəlməsi regionlarda iqtisadi fəallığın və məşğulluğun artmasına şərait yaradacaq.”
Soltan Məmmədov qeyd edib ki, mühüm məqamlardan biri də ondan ibarətdir ki, yeni sənaye imkanlarının formalaşdırılması işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə də sıx şəkildə əlaqəlidir:
“Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi, mövcud yataqların potensialının qiymətləndirilməsi və onların iqtisadi dövriyyəyə cəlb edilməsi həmin ərazilərin dayanıqlı inkişafı baxımından yeni imkanlar açacaq. Dövlət Proqramının digər mühüm xüsusiyyəti onun yalnız 2030-cu ilə qədər olan dövr üçün deyil, sonrakı mərhələlər üçün də sənaye inkişafının perspektivlərini müəyyənləşdirməsidir"