“APA-Economics”in xəbərinə görə, görüşdə Monteneqro, Albaniya, Xorvatiya, Yunanıstan, İtaliya, Bosniya və Herseqovinanın xarici işlər nazirləri TAP layihəsinin reallaşdırılmasına tam dəstəklərini ifadə ediblər.
Onların fikrincə, sözügedən layihə enerji sahəsində regional sabitliyin möhkəmlənməsinə, bölgənin inkişafına və çiçəklənməsinə təkan verəcək.
Nazirlər qeyd ediblər ki, nəqliyyat marşrutlarının, qaz mənbələri və tədarükçülərinin diversifikasiyasına xidmət edən TAP kimi layihələr enerji sektorunun maraqlarına və Avropa Birliyinin hədəflərinə cavab verir: “Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TAP kəməri kommersiya baxımından cəlbedici variantdır”.
Qeyd edək ki, Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə, kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.