Bank Of Baku

Bir əsrlik Azərbaycan iqtisadiyyatı - ARAŞDIRMA

Bir əsrlik Azərbaycan iqtisadiyyatı - <span style="color: red;">ARAŞDIRMA
# 01 iyun 2018 13:59 (UTC +04:00)

Azərbaycan dünyada hər zaman özünün zəngin enerji resursları ilə tanınır. Ölkəmizin adı çəkiləndə ilk olaraq yada düşən də çox vaxt məhz neft və qaz olur. Zəngin enerji resursları Azərbaycan iqtisadiyyatında daim əsas rol oynayıb. Dövlət büdcəsinin gəlirlərinin əsas hissəsi də məhz dünya bazarlarına çıxarılan neft və qaz ixracından əldə edilib. Bu, 100 il bundan əvvəl də belə olub. Bir çox geofiziklər, neftçilər, həmçinin dövlət rəsmiləri Azərbaycan neft və qazının hələ bundan sonra da 100 il xalqın və millətin əsas sərvəti olacağını dəfələrlə vurğulayıblar.

 

Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl neft siyasəti

 

Azərbaycanda tarixən neft hasilatı prioritet sahələrdən biri olub. Ancaq çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi araşdırılarkən tarixçilər bu dövrün iqtisadi proseslərinə kifayət qədər önəm verməyib. Bu səbəbdən də o dövrün iqtisadi həyatı ilə bağlı məlumatlara çox rast gəlinmir.

 

Qeyd edək ki, tarixən Azərbaycanda neft hasilatı əsasən Bakının payına düşüb. Bakının neft sənayesi hələ XIX əsrin sonu — XX əsrin əvvəllərində Amerika neft kralı Rokfellerin və onun başçılıq etdiyi "Standart oyl" şirkətinin diqqətini cəlb edib. Lakin ötən əsrin əvvəlində Azərbaycan neft sənayesində Amerika kapitalının iştirakı son dərəcədə zəif idi. Amerika kapitalı burada yağ istehsalı ilə məşğul olan "Vakuum oyl və K" şirkəti vasitəsilə təmsil edilirdi. Bu cəmiyyətin əsas kapitalı 2,4 mln. rubl idi ki, bunun da 1,2 milyonu Amerikanın payına düşürdü. Lakin XX yüzilliyin əvvəllərində Amerika kapitalının Bakı neft mədənlərinə axını nəzərə çarpacaq dərəcədə güclənməyə başladı.

 

Azərbaycan neftinə maraq

 

Ötən əsrin əvvəllərində Azərbaycan neft sənayesinə xarici kapitalın cəlb edilməsinin qatı tərəfdarından biri də Rusiya çar hökumətinin maliyyə naziri S.Vitqe olub. Amerika neft krallarının Azərbaycan neftinə marağı I dünya müharibəsi illərində xüsusilə artıb. S.A.Kaderin yazdığına görə, Rotşild və Nobelin ümumi tabeliyi altında olan və xüsusilə Amerika neft sənayeçilərinə qarşı mübarizə üçün yaradılmış "Consolibated Petroleum C°" xüsusi müqaviləyə əsasən 1916-cı ildə "Standart oyl"un London bölməsi ilə birləşdi. Həmin dövrdə "Xəzər-Qara dəniz ticarət və sənaye cəmiyyəti", "Mazut" və "Russkie novıe standart" cəmiyyətlərinin direktorları Rusiya neft sənayesini təmsil edir və eyni zamanda Amerikanın "Standart oyl" şirkətinin London bölməsinin direktorları sayılırdılar.

 

Çar Rusiyasının və onun Qafqazdakı canişinlərinin təzyiqinə baxmayaraq Bakı neft sənayesində yerli sahibkarlıq tədricən formalaşmağa və inkişaf etməyə başladı. Bakının ayrı-ayrı rayonlarında çətinliklə də olsa, neftlə zəngin torpaqlar, kiçik nəqliyyat vasitələri, balaca neftayırma sexləri yerli sakinlərin əlinə keçdi. Beləliklə, XIX əsrin sonunda nəhayət milli burjuaziya yetişdi və gələcəkdə Azərbaycanın siyasi, iqtisadi, elmi və mədəni inkişafında böyük rol oynadı. Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağabala Quliyev və bir çox çoxları Azərbaycanın, xüsusilə də Bakının sürətli inkişafı üçün xeyli işlər görməyə başladı.

 

1918-1920-ci illərdə dünyada neftinin 60%-i Azərbaycan hasil edib

 

1918-1920-ci illərdə Bakıda, yəni Azərbaycanda hasil edilən neftin həcmi Amerika, hətta Böyük Britaniya, Rusiya, ümumiyyətlə bir çox Avropa ölkələrindən qat-qat çox olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid bəzi tarixi mənbələrdə qeyd edilir ki, 1918-1920-ci illərdə Azərbaycanda hasil edilən neftin həcmi dünyada hasil edilən ümumi neftin 60 faizini təşkil edib.

 

Bundan başqa, bir çox tarixi mənbələrdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda neft-qaz şirkətlərinin milliləşdirilməsi və ya milli neft-qaz şirkətinin yaradılması istiqamətində işlərin aparıldığı qeyd edilib ki, bu da o zaman çox çətin işlərdən biri hesab edilirdi. Çünki, o zaman Azərbaycanda mövcud olan 29 şirkətdən 23-ü İngiltərə, Rusiya və digər ölkələrə məxsus idi.

 

Nümunəvi logistik sistem

 

1918-ci ildə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin ilk ilində Azərbaycanda ümumi tutumu 1 000000 kubfut olan 160 yelkənli gəmidən başqa, əlavə olaraq daha 140 paroxod da neft daşımaqla məşğul idi. Ümumi yük tutumu 5 500 000 kubfut olan gəmilər Azərbaycan neftini İran, Rusiya və Batumi istiqamətində daşıyırdılar. Hava şəraiti əlverişli olanda bəzi gəmilər Volqa çayı ilə 60-a qədər səfər edirdilər. Daha çox reysə tələbat olduğundan gəmi sahibləri hökumət dairələrindən Xəzərdən Həştərxanadək olan keçid yolunu dərinləşdirmək üçün tədbirlər görülməsini tələb edirdilər. Əgər bu məsafə dərinləşdirilərdisə, tankerlər bir başa Həştərxana girə bilərdi. Bu zaman Volqanın Xəzərə tökülən yerində tankerlərdən nefti baraklara boşaltmağa lüzum qalmazdı. Xəzər dənizində tankerlərin təqribən 150-yə qədəri İngiltərənin bayrağı altında üzürdü. Bu siyahıya daxil olan iri gəmilərdən "Qafqaz", "Oriflam", "Rossiya", ingilis-amerikan şirkətinə məxsus "Bulisis", "Pinna", "Kardium", "Pektan", "Qoldmaut" və "Silverlie" tankerlərinin, "Prins" və "Moss" laynerlərin və digər çoxlu neft daşıyan gəmilərin adını çəkmək olar. Həmin dövrdə 20-yə qədər şirkətə məxsus tankerləri vardı. Heç 2-3 il keçməmiş Bakı və Batum limanlarından neft daşıyan gəmilərin bütöv bir flotiliyası Abşeron ağ neftini dünyanın bir sıra limanlarına çatdırmağa başladı. Əcnəbilər- amerikalılar, ingilislər, almanlar da bu böyük kəşfdən istifadə edərək, ağ nefti daşımaq üçün xüsusi gəmilər inşa etməyə başladılar. Neftdaşıyan tankerlərin tətbiqi Xəzərdə donanmanın inkişafına böyük təsir göstərdi.

 

Lakin 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu qısa müddət ərzində uğurlar əldə etmiş Şərqin ilk demokratik respublikasının nailiyyətlərinin davamlı olmasının qarşısını aldı.

 

Azərbaycan yeni tarix yazır

 

Bu il Azərbaycan Xalq Cümhuriyyəti 100 illik yubileyini qeyd edir. Təbii ki, bu, həm də Azərbaycan iqtisadiyyatının mövcudluğunun 100 illiyi deməkdir. Bu 100 il ərzində bir dövlət olaraq Azərbaycan regionda və dünyada öz sözünü deyib. Təkcə neft-qaz layihələrini nəzərə alsaq, bu il Azərbaycan bu sektorda bir çox strateji layihələrə imza atıb və bu proses davamlı olacaq.

 

Belə ki, mayın 30-da Azərbaycan prezidenti İlham Əliyevin və dünyanın neft-qaz sahəsində tanınmış şirkətlərinin və nümayəndələrinin iştirakı ilə Cənub Qaz Dəhlizinin açılışı baş tutub. Bu boru kəməri Azərbaycan təbii qazının dünya bazarlarına çıxarılmasına geniş imkanlar yaradacaq. Cənub Qaz Dəhlizinin açılışında Azərbaycan prezidenti İlham Əliyev vurğulayıb ki, Azərbaycan dənizləri neft-qaz kəmərləri ilə birləşdirib. O qeyd edib ki, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşib: “Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edilib. Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilib”.

 

Azərbaycan dövlət başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılışını böyük tarixi qələbə adlandırıb: O bir daha xatırladıb ki, Azərbaycanın təbii qaz resursları ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcək: “Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.

 

Azərbaycan- meqa layihələr müəllifi 

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 6 iri layihə istifadə verəcək. Bu layihələrdən üçü qardaş Türkiyədə, digər üçü isə Azərbaycandadır. Belə ki, Bakıda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidənqurma işləri çərçivəsində yeni bitum qurğusunun inşası bu ilin oktyabr ayında yekunlaşacaq. Bitum qurğusunun inşası üzrə işlərin 80 faizi yerinə yetirilib. Qurğu 2018-ci ilin III rübündə işə salınmalıdır. Yeni bitum qurğusunun detallı layihələndirmə, satınalma işləri yekunlaşıb. Bitum qurğusunun inşası bu ilin sentyabr ayında tam yekunlaşacaq. Yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı, yüksəkkeyfiyyətli yol bitumu istehsal olunacaq. Yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 19-da qoyulub.

 

SOCAR-ın yerli bazarda həyata keçirdiyi "SOCAR Polymer" layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun bu ilin iyun ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə ilin sonuna kimi istismara verilməsi gözlənilir. İldə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə işlərin 99%-i icra olunub. Polipropilen qurğusunun detallı mühəndislik işləri 100%, satınalma 100%, tikinti işləri isə 96,7% yekunlaşıb. Qurğu bu ilin iyun ayında istismara veriləcək. Belə ki, illik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 93%-i icra olunub. Son məlumatlara görə, qurğunun mühəndislik işləri 99,8%, satınalma 99,9%, tikinti işləri isə 80,1% yerinə yetirilib. Yüksək sıxlıqlı polietilen qurğusunun bu ilin III rübündə istismara veriləcəyi gözlənilir.

 

SOCAR-ın üçüncü layihəsi isə Sumqayıtda inşa edilən Karbamid Zavodudur. Belə ki, zavod bu ilin oktyabr-noyabr aylarında yekun məhsul olan karbamid istehsalına başlanılacaq. Hazırda isə hissə-hissə avadanlığın sınaq işləri aparılır. Zavodun ilk məhsulu olan ammonyak istehsalına avqust-sentyabr aylarında başlanılacaq. Bu ilin IV rübündə "Samsung Engineering" şirkəti "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Oktyabr-noyabr aylarında Azərbaycanda "Made in Azerbaijan" brendi ilə karbamid istehsal olunacaq. Müəssisədə gündəlik 1200 ton ammonyak, 2 min ton karbamid istehsal olunacaq. Zavodun Karbamid istehsalının illik həcmi 650-660 min ton olacaq. Bunun 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq.

 

Azərbaycan Avropanın enerji xəritəsini dəyişir

 

Azərbaycan dövlətinin 100 illiyinə hədiyyə olaraq daha 3 yeni layihə də xaricdə işə salınacaq. Bunlardan əsası Trans-Anadolu Qaz Boru Kəmərinin açılışıdır. Artıq bu ilin iyunun 12-də Azərbaycan qazı bu boru kəməri ilə qardaş Türkiyəyə nəql ediləcək. Belə ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

 

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodu üçün ilk xammal isə bu ilin iyun ayında Azərbaycandan nəql ediləcək. Hazırda zavodun fiziki işlərinin 99,1%-i yerinə yetirilib, indiyədək zavod üçün 5,2 mlrd. dollar sərf edilib. "STAR" zavodu ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq. SOCAR-ın qardaş Türkiyədə inşa etdiyi Petkim Petrokimya Zavodu da tam gücü ilə bu ilin sonlarında işə salınacaq.

 

Bu hələ son deyil. 2020-ci ildə Azərbaycan qazı Trans-Adriatik Qaz Boru Kəməri ilə Yunanıstana, Albaniyaya, oradan isə İtaliyaya nəql ediləcək. Bundan başqa, sərvətimiz olan qaz interkonnektor vasitəsilə Bolqarıstan, Serbiya, Monteneqro və digər ölkələrə də nəql ediləcək. Bütün bunlar Azərbaycan iqtisadiyyatın necə güclü olduğunun və ölkəmizin dünyada söz sahibi, Avropanın enerji xəritəsini dəyişə bilmək gücündə olduğunun göstəricisidir. Bu cür meqa layihələrlə Azərbaycan növbəti 100 illikdə də Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış edəcək və ölkədə iqtisadi inkişaf davamlı olacaq.

 

“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR