Bank Of Baku

BP-nin dəstəyi ilə Layihələri İdarəetmə üzrə mütəxəssislərin ikinci buraxılışı baş tutub

BP-nin dəstəyi ilə Layihələri İdarəetmə üzrə mütəxəssislərin ikinci buraxılışı baş tutub
# 11 iyun 2013 10:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. BP və onun Cənubi Qafqaz layihələrindəki tərəfdaşlarının birlikdə təsis etdiyi və maliyyələşdirdiyi Layihələri İdarəetmə Məktəbi (LİM)  bu gün məzunların ikinci buraxılışını qeyd edib.

 

«APA-Economics»in məlumatına görə, BP-nin Bakı ofisində keçirilən tədbirdə bir sıra sektorları, o cümlədən neft və qaz, hökumət, layihələndirmə və tikinti, dəniz və geologiya, təhsil, bank və maliyyə, telekommunikasiya və digər sektorları təmsil edən 52 nəfər məzuna Layihələri İdarəetmə ixtisası üzrə beynəlxalq Magistr Sertifikatı təqdim olunub.

 

Tədbirdə bildirilib ki, 2011-ci ildə fəaliyyətə başladığı vaxtdan LİM özəl və dövlət sektoruna aid 96 təşkilatdan 205 mütəxəssisə uğurla təlim keçib. Həmin məzunların 103 nəfəri Corc Vaşinqton Universitetinin magistr, 102 nəfəri isə bakalavr sertifikatını alıb. LİM layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul olunmuş xüsusi tədris proqramından istifadə edir və bu proqram artıq ingilis dili ilə yanaşı, Azərbaycan dilində də mövcuddur. Qeyd edək ki, layihə Xəzər Universiteti və «ESİ İnternational» təşkilatı ilə birlikdə reallaşdırılır.

 

Ötən iki il ərzində Layihələri İdarəetmə Məktəbinin digər bir mühüm nailiyyəti də ondan ibarət olub ki, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” çərçivəsində müxtəlif nazirliklərdən olan 30 nəfər nümayəndədən ibarət bir qrupa təlim keçmək üçün Azərbaycan Təhsil Nazirliyi ilə müqavilə bağlayıb.

 

Tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov bu təşəbbüsün uğurlu və mötəbər bir təhsil layihəsinə çevrildiyini bildirərək, Azərbaycanın qeyri-neft sektorunun idarə olunmasında keyfiyyəti və standartları beynəlxalq tələblərə uyğun səviyyəyə qaldırmaq səylərini dəstəklədiyini qeyd edib.

 

Qeyd edək ki, BP və onun tərəfdaşları 2011-ci ilin yanvar ayında Azərbaycanda yeni bir Layihələri İdarəetmə Məktəbinin (LİM) təsis edilməsi məqsədi ilə bir milyon dollar vəsait ayırıblar. LİM özəl və dövlət sektoru nümayəndələrinin layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanını təmin etmək vasitəsi kimi nəzərdə tutulub. Bu təşəbbüsdə diqqət həm layihələrin bilavasitə idarə edilməsinin icrasının təkmilləşdirilməsi, həm də ölkədə layihələri idarəetmə üzrə uzun müddətli bacarıqların yaradılması üzərində cəmlənir.

 

LİM-in tədris proqramına Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə edilməsinin Tətbiqi Mexanizmi, Danışıqlar aparmaq bacarığı və ya Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq kimi modullar daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR