Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyində əhali sektoru üzrə 82 577 yeni abonent qeydiyyata alınıb ki, bunun da 25 436-sı Bakı, Abşeron və Sumqayıt, 57 141-i isə regionlar üzrə olub.
«APA-Economics»in Birliyə istinadən verdiyi məlumata görə, təkcə 2013-cü ilin iyul ayı ərzində 9 586 yeni abonent, o cümlədən Bakı, Abşeron və Sumqayıt üzrə 2 737 yeni abonent, regionlar üzrə isə 6 849 yeni abonent qeydiyyata alınıb.
Göstərilən dövrdə əhali sektoru üzrə 133,091 mln. manatlıq təbii qaz satılıb və qarşılığında 135,674 mln. manat (101,94%) vəsait toplanıb.
Bu ilin iyul ayı ərzində 6,262 mln. manatlıq qaz satılıb və 8,842 mln. manat (141,20%) vəsait toplanıb. Bu, onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə satılan qazın miqdarı yüksək olduğundan abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranmış borclar 2013-cü ilin yaz-yay mövsümündə abonentlər tərəfindən ödənilib. Nəticədə, 2013-cü ilin iyul ayı ərzində həmin borc 5,5% azalıb.
Güzəştsiz əhali üzrə bu ilin yanvarın 1-nə olan tarixə mövcud olan borc isə 7 ay ərzində 6,3% azalıb. İyul ayı ərzində smart-kart tipli (ITRON) sayğaclar üzrə ödənişdə 274 868 (39,4%) abonent iştirak edib.
Qeyd edək ki, bu ilin avqustun 1-nə əhali sektoru üzrə 106 883 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub.