Bakı. Şamil Əlibəyli – APA-Economics. Avropa Birliyinin (AB) enerji siyasətinin xarici aspektinin inkişaf etdirilməsi, Azərbaycan və Mərkəzi Asiya ilə yeni əlaqələrin qurulması, enerji layihələrinin həyata keçirilməsi AB-nin enerji müstəqilliyini artıracaq.
“APA-Economics”in “baltic-course” saytına istinadən verdiyi məlumata görə, bunu AB-nin xarici işlər nazirlərinin enerji məsələləri üzrə toplantısında Estoniyanın xarici işlər naziri Urmas Paet deyib.
Onun sözlərinə görə, enerji məsələlərinə əsaslanan münasibətlər siyasi dialoqun vacib hissəsinə çevrilməlidir: “Enerji təhlükəsizliyini artırmaq üçün Avropa Birliyi təchizatçı ölkələrə tərəfdaşlıq, azad ticarət imkanları təklif etməlidir ki, enerji təchizatı uzunmüddətli və etibarlı olsun”.
Nazir qeyd edib ki, Estoniya Cənub Qaz Dəhlizi layihəsinin inkişafını dəstəkləyir: “Bu, AB-nin enerji təhlükəsizliyini, təbii qazın təchizat mənbələrinin diversifikasiyasını təmin edər və yeni təchizatçıları layihəyə cəlb edər. Layihə AB üçün çox vacibdir və onun həyata keçirilməsi üçün AB vahid bir təşkilat kimi çıxış etməlidir. Estoniya eyni zamanda inanır ki, “Nabucco” və TAP layihələri Azərbaycan qazını Avropaya ixrac etmək imkanları baxımından çox vacibdir”.