Bakı. Nicat Mustafayev - APA-Economics. Son 10 il ərzində Azərbaycanda elektrik enerjisindən istifadəyə görə istehlakçılar tərəfindən aparılan ödənişlər əhəmiyyətli dərəcədə artıb. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində elektrik enerjisinin istehlakı üzrə ödənişlər 100% səviyyəsində deyil: «Azərbaycanda sözügedən yığımlar 2002-2003-cü illərə nisbətən çox fərqlidir. Eyni zamanda, istehlakçıların elektrik enerjisinə münasibəti də dəyişib, əhali elektrik enerjisinə qənaət edir».
Son illər ölkənin elektrik enerjisi sahəsində kommersiya itkilərinin qat-qat azaldığını deyən E.Pirverdiyev əlavə edib ki, bu sahədə oğurluq halları da kifayət qədər azalıb.