Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin «Azəriqaz» İB tərəfindən ilin əvvəlindən etibarən Gəncə-Qazax iqtisadi rayonunda qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri açıqlayıb.
“APA-Economics”in məlumatına görə, 2013-cü ilin əvvəlindən başlayaraq Qazax rayonunun Qazaxbəyli kəndində inşa edilmiş mövcud Avtomatik Qazpaylayıcı Stansiyanın ərazisində giriş xəttinə qoşulmaqla tənzimləyici qovşağın tikintisi, Qazax şəhəri N.Nərimanov küçəsində yeni salınmış yaşayış massivinin, Yuxarı Salahlı, Kosalar, I Şıxlı, Daş Salahlı, II Şıxlı kəndlərinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 215,7 km olan müxtəlif diametrli qaz kəmərləri çəkilib.
Bu işlər çərçivəsində Ağstafa rayonunun Düz Qışlaq, Kolayır, Xılxına və Mollacəfərli kəndlərinin, Daşkəsən rayonu Xoşbulaq kəndinin, eləcə də Gədəbəy rayonunun Novosaratovka kəndinin evdaxili qaz xətlərinin çəkilişi, Şınıx və Miskinli kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 42,2 km olan qaz kəmərləri quraşdırılıb.
Goranboy rayonunun Yolqullar, Rus Borisi, Azad, Baxçakürd, Şəfibəyli, Veysli, Qaraçinar və Hacallı kəndləri qazlaşdırılıb, Yuxarı Ağcakənd kəndində birpilləli sistem əsasında daşıyıcı və paylayıcı qaz kəmərləri çəkilib, ümumilikdə 49,6 km uzunluğunda qaz kəmərləri quraşdırılıb.
Göygöl şəhərində isə 1860 fərdi yaşayış evini əhatə edən yeni yaşayış massivinə daşıyıcı, paylayıcı və həyətdaxili qaz kəmərləri çəkilmiş və rayonun Topalhəsənli kəndi qazlaşdırılıb, bu məqsədlə 4,3 km uzunluğunda qaz kəmərləri çəkilib.
Eyni zamanda Şəmkir rayonunun Bayramlı və Muxtariyyə kəndlərinin, Tovuz şəhərinin Qovlar qəsəbəsi ərazisinə aid olan yeni yaşayış massivinin, Şıxheybət və Muncuqlu kəndlərinin qazlaşdırılması üçün 36,3 km uzunluğunda qaz kəmərləri çəkilib.