Bakı. Real Cəfərli – APA. İran Avropa və ABŞ-ın neft şirkətlərindən öz öhədəliklərini yerinə yetirmədiklərinə görə beynəlxalq məhkəməyə şikayət edəcək.
APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın neft nazirinin müavini Əlirza Zeyğəmi bildirib.
İranın Neft Məhsullarının Emalı və Paylanması Milli Şirkətinin (NIORDC) direktoru deyib ki, bu şirkətlər özəl sektorla müqavilə bağlamalarına baxmayaraq, sanksiyaları bəhanə edərək imzaladıqları müqavilələrə sadiq qalmayıblar: “Onlar İranın neft emalı ilə bağlı hazırladığı planların beynəlxalq standartlarla üst-üstə düşməsinə və hasil etdiyi məshsulların ekologiyanın qorunmasını nəzərə almasına baxmayaraq, Qərb şirkətləri öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıblar. İran qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, neft emalı üzrə hazırlanan bəzi planlar təkmilləşdirilmək üzrədir və yay mövsümünün sonunadək Avro-4 standartının tələbinə uyğun benzinlə bağlı üç layihə istifadəyə veriləcək”.