Bakı. Könül Cəfərli – APA. “İran dünya bazarlarında neftin qiymətinin düşməsinə mane olacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Neft Nazirliyinin sözçüsü Əli Nikzad Rəhbər bildirib.
Onun sözlərinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvləri bu məsələ ilə bağlı müzakirələrə başlayıb və qurumun fövqəladə yığıncağını çağırmadan da razılaşmanın əldə olunması ehtimalı var: “Dünya bazarında neftin qiymətinin düşməsinin qarşısını almaq üçün İranın Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-in bütün üzvləri ilə müzakirələrini davam etdirəcək. Neftin qiymətinin 100 dollardan aşağı olması məntiqsizdir. Hazırda OPEC-də neftin qiymətinin 100 dollar civarında olması ilə bağlı fikirlər üst-üstə düşür. Elə neft üçün ən uyğun qiymət də 100-120 dollardır” .