Bakı. Real Cəfərli – APA. İranın neft ixracı bu ilin may ayında 12% azalıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, ötən ay neft ixracı 700 min barel aşağı düşüb.
Qeyd edək ki, İranın neft hasilatı da may ayında 24 illik minimuma enib. Belə ki, İranın gündəlik neft hasilatı 2,5 mln. barel olmaqla 1989-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. İran neftinin əsas alıcıları olan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyənin aprel ayında bu ölkədən “qara qızıl” idxalı 30% azalıb. Bu gün Yaponiyanın İrandan neft idxalı artıq 8 min barel olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 97%, Hindistanın isə 117 min barel olmaqla 56% azalıb.
Bu arada ABŞ administrasiyası Çin, Hindistan, Cənubi Koreya, Şri-Lanka, Malayziya, Sinqapur, Tayvan, Türkiyə və CAR-ı yenidən 6 aylıq müddətinə İrana qarşı neft sanksiyasından azad edilmiş ölkələr siyahısına daxil edib.