Lerik. Ağəddin Babayev - APA. İyunun 29-da Lerik rayonunun dağlıq Hiveri, Qosmalian, Nuravud və Zərdəbərə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, 33 abonenti olan Hiveri kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 2358 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 2928 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 33 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılıb. 67 abonenti olan Qosmalian kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 1279 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 5788 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 67 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılıb. Ümumilikdə 124 abonenti olan Nuravud və Zərdəbərə kəndlərinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında ümumi uzunluğu 16042 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və 2 ədəd qaztənzimləyici şkaf quraşdırılıb.
Bununla da Lerik şəhəri daxil olmaqla, rayonun 24 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub. Hazırda 6 kəndə təbii qazın verilməsi istiqamətində iş aparılır.
ARDNŞ prezidenti Rövnəq Abdullayev istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə görülən tədbirlərin davamlı xarakter daşıyacağını bildirib.