Bakı – APA. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi, Kolumbiya prezident yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu cari ilin 14-22 may tarixlərində “Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda üçüncü ixtisasartırma kursu təşkil edib. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyindən APA-ya verilən məlumata görə, ixtisasartırma kursuna Əlcəzair, Anqola, Kamerun, Çad, Fil Dişi Sahilləri, Misir, Liviya, Mavritaniya, Nigeriya, CAR və Sudan kimi neft-qaz sənayesinə malik Afrika ölkələrindən və Kolumbiyadan ümumilikdə 14 mütəxəssis qatılıb.
Kurs Azərbaycan Respublikası və Kolumbiya Respublikası arasında inkişaf etməkdə olan ölkələr üçün inkişafa yardım memorandumu əsasında birgə maliyyələşdirilərək təşkil olunub. Bu kurs Azərbaycan və adı çəkilən ölkələr arasında neft-qaz istehsalı sahəsi üzrə təcrübə və biliklərin mübadiləsinə geniş imkan yaradıb.
Tədbirin açılış mərasimində İƏT-in Departament Direktoru Səfir Əhməd Əl Həddəd çıxış edərək qurumun baş katibi Ekmələddin İhsanoğlunun müraciətini seminar iştirakçılarına çatdırıb.
İştirakçılar kursu bitirdikdən sonra sertifikatlarla təltif edilib.