APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib.
R.Həsənov deyib ki, “Evro 3” standart qəbul olunsa da, bunun tətbiqi uzun proses olduğundan vaxtı müəyyənləşməlidir: “Bu məsələ həm avtomobillərə, həm də bizdə istehsal olunan yanacaqlara aiddir və proses bərabər getməlidir. Hesab edirəm ki, Azərbaycan Dövlət Neft Şirkəti də “Evro 3”ün tətbiqinə hazırdır”.
O qeyd edib ki, satışa çıxarılan yanacaqların monitorinqi qrafik üzrə həyata keçirilir. O, aparılan monitorinqlərin nəticəsi olaraq, ciddi çatışmazlıqların şahidi olmadıqlarını da söyləyib.
R.Həsənov bildirib ki, son on ildə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən sertifikat alanların sayı yüzlərlə artıb: “Fizika, kimya və ümumən sənaye sahəsinə aid olan işlərə dair sertifikatların alınması üçün müraciət edənlərin sayı daha çoxdur”.
O, etalon bazasının inkişafı üçün proqram hazırlandığını, bu proqramda etalon bazasının inkişafı ilə bağlı bütün məqamların öz əksini tapdığını da qeyd edib: “Hazırda kütlə etalonları 90% komplektləşdirilib. Təzyiq, elektrik etalonları müasirləşdirilir”.