Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Statoyl” şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti Torgeir Kidlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNŞ-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonaqları salamlayan Rövnəq Abdullayev “Statoyl” şirkəti ilə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb, son dövrdə “Statoyl”un iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində aparılan neft-qaz əməliyyatlarında mühüm irəliləyişlər əldə edildiyini söyləyib.
Qəbul üçün təşəkkürünü bildirən Torgeir Kidland Azərbaycan qazının Avropaya nəqli üçün boru kəmərinin seçiminin başa çatması münasibətilə ARDNŞ-in prezidentini təbrik edib, seçimin uğurlu olduğunu və Transadriatik (TAP) qaz boru kəmərinin Avropa istehlakçılarının təbii qazla təchiz edilməsi baxımından mühüm töhfə verəcəyinə inandığını qeyd edib. O, “Statoyl”un Azərbaycandakı fəaliyyətinə daim dəstək göstərdiyinə görə ARDNŞ-in prezidentinə minnətdarlığını bildirib, qarşıdakı illərdə bu fəaliyyətin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, “AÇG” və “Şahdəniz” kimi regional və qlobal əhəmiyyətli neft-qaz layihələrindən sonra “Zəfər-Məşəl” strukturunda kəşfiyyat işlərinə başlanması “Statoyl”un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üçün çox vacibdir.
Torgeir Kidland bu gün səhər “Yeni Çıraq Layihəsi” çərçivəsində inşa olunan platformanın tikinti meydançasında olduqlarını və platformada artıq son tamamlama işlərinin aparılmasından məmnunluğunu bildirib.