Bakı. Nicat Mustafayev – APA-Economics. Rumıniya prezidenti Trayan Basesku «Nabucco» qaz boru kəmərinin inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair qanunu təsdiq edib. Bu qanun «Nabucco» layihəsini Rumıniya üçün milli maraq kəsb edən ictimai faydalı kommunal layihə kimi təsnif edir. Bu barədə «APA-Economics»ə «Nabucco Gas Pipeline International GmbH.» şirkətindən bildirilib.
Sözügedən qanun «Nabucco» layihəsinin icrası ilə bağlı müxtəlif sahələrdə – ətraf mühit, normativ qaydalar və torpaq üzərində mülkiyyət/torpaq sahəsindən istifadə hüququ istiqamətində yerinə yetirilməli olan tədbirləri, eləcə də digər texniki məsələləri əhatə edərək müfəssəl şəkildə təfsir edir. Həmçinin, «xüsusi «Nabucco» qanunu» layihə ilə bağlı normativ-hüquqi bazanı daha da möhkəmləndirir. Qanun bu ilin mayın 21-də Rumıniya parlamenti tərəfindən ratifikasiya olunub.
«Nabucco Gas Pipeline International GmbH.» şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirib ki, Rumıniya «Nabucco» boru kəmərinin uğur qazanmasında mühüm əhəmiyyət kəsb edən əsas tərəfdaşlardan biridir və mayın 21-də Buxarestdə öz işini başa vurmuş komitə üzvlərinin iclası da bunu əyani şəkildə sübut edib: «Biz layihəyə göstərilən siyasi dəstəyi, habelə layihənin möhkəm normativ-hüquqi bazanı bir daha nümayiş etdirən bu qanunun ratifikasiyasını təqdir edirik. «Nabucco» layihəsi hüquqi və siyasi dəstək, habelə texniki və mühəndis-layihə işləri baxımından artan xətlə inkişaf edir. Öz növbəsində Rumıniya hökuməti də Macarıstan və Bolqarıstandan sonra layihənin tikintisi üçün ekoloji icazəni təqdim edən üçüncü ölkə olmağa hazırlaşır. Biz Xəzər qazı Avropaya nəql üçün hazır olduğu zaman, «Nabucco» kəmərinin də onu qəbul etməyə hazır olması üçün lazımi işləri davam etdiririk».
Xatırladaq ki, «Nabucco» boru kəməri Cənub-Şərqi Avropanın bazarlarına ən qısa marşrutdur. Belə ki, yalnız «Nabucco» boru kəməri bütövlükdə Balkan ölkələrinin, həmçinin İtaliya və Yunanıstanın bazarlarına birbaşa çıxışı təmin edir.
«Nabucco» boru kəməri Türkiyə-Bolqarıstan sərhədində Trans-Anadolu boru kəməri (TANAP) ilə birləşəcək və Macarıstan, Bolqarıstan və Rumıniya ərazilərindən keçməklə, Avstriyanın Baumqarten şəhərində Mərkəzi Avropa qazpaylayıcı qovşağına (terminala) qoşulacaq. Daha sonra qaz Baumqarten şəhərindən «Nabucco» boru kəməri vasitəsilə bütün Avropa üzrə 500 mln. müştəriyə nəql oluna bilər.
Layihənin kompleks hüquqi bazası həm ratifikasiya olunmuş Hökumətlərarası saziş və Layihəyə dəstək göstərilməsinə dair sazişlər, həm də «3-cü enerji paketi» qanunu üzrə azad olunma imtiyazları baxımından tam hazırdır.
«Nabucco» kəməri genişləndirilə bilən konsepsiya təklif edir və marşrut boyu önəmli qaz ehtiyatı imkanlarını təmin edir. Ekoloji icazələr artıq Macarıstanda alınıb, Rumıniya və Bolqarıstanda isə yaxın zamanlarda alınacaq.