Bakı. Anaxanım Hidayətova - APA-Economics. “Ukrayna Trans-Anadolu (TANAP) layihəsinin həyata keçirilməsində və layihədə iştirak etməkdə maraqlı olduğunu bəyan edib”. “APA-Economics”in xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukrayna əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün ekspert qruplarının görüşünün keçirilməsinə hazırlaşır: “Energetika sahəsində Azərbaycanla əməkdaşlığımız üçün böyük perspektivlər var. Hərbi sənaye və aerokosmik sənaye sahələri də prioritet və inkişaf edən sahələrdəndir. Bununla bağlı tərəflər arasında aktiv dialoq aparılır”.
Qeyd edək ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.
Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.