Bakı - APA-Economics. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına, eləcə də Azərbaycan prezidentinin göstərişinə əsasən, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin, sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilir.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Tovuz rayonunun cəbhə bölgələrindəki yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində rayonun Qaralar, Qoşa, Qonaqlı, Şıxheybət və Muncuqlu kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Tovuz rayon İcra Hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, 123 abonenti olan bu kəndlərin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 52 000 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 6 ədəd siyirtmə, 123 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, kəndlərə verilən «mavi yanacaq» sakinlərin həyat və məişət şəraitini tamamilə dəyişəcək, bölgədə ekoloji vəziyyəti yaxşılaşdıracaq.