Bakı. Real Cəfərli – APA. Türkiyənin yeganə neftayırma zavodu olan “Tüpraş” 2013-cü ildə İrandan gündəlik 105 min barel xam neft idxal edəcək.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Tüpraş”ın səlahiyyətli şəxslərindən Yavuz Ərkut açıqlama verib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi İrandan neft idxal edən bir sıra ölkələri iyunun 1-dən etibarən 6 ay müddətinə sanksiyalardan azad edib: “İran Türkiyənin xam neft ehtiyacını qarşılayan əsas ölkələrdən biridir. Ancaq sanksiyalara görə yaranmış itkini kompensasiya etmək üçün Səudiyyə Ərəbistanı və İraqdan xam neft idxal etmək məcburiyyətində qalmışıq”.
Qeyd edək ki, Türkiyənin bu il İrandan idxal edəcəyi xam neftin miqdarı ötən illə müqayisədə 22% azalacaq.