Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunun daha bir yaşayış məntəqəsinə mavi yanacaq verilib.
Zaqatala rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala rayonunun ucqar yaşayış məntəqələrindən olan Danaçı kəndinə ilk dəfə mavi yanacaq verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, müvafiq idarə və təşkilat nümayəndələri və Danaçı kənd sakinləri iştirak edib.
Tədbirdə vurğulanıb ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Danaçı kəndi də daxil olmaqla, rayonun 12 yaşayış məntəqəsinə “mavi yanacaq” verilir. 1524 abonenti olan Danaçı kəndinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 104 km olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Daha sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və mənzillərə təbii qazın verilməsinə başlanılıb.
Qeyd edək ki, ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hazırda rayonun Makov, Yengiyan, Mazıx kəndlərinin və Əliabad qəsəbəsinin qazlaşdırılması işləri davam etdirilir. İlin sonunadək bu kəndlərin əhalisi də mavi yanacaqdan istifadə edə biləcəklər.