APA-nın yerli bürosunun məlumatına görə, 2010-cu ilin yazında Zərdabda baş vermiş təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün rayonun “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbəyə çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib.
Qəsəbəyə 108 mm diametrli borularla 700 paqonometr, 57 mm diametrli borularla 2500 paqonometr olmaqla, ümumilikdə 3200 paqonometr daşıyıcı və paylayıcı qaz xətti çəkilib, Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş 71 mənzilə fərdi qaz tənzimləyicilər və mexaniki Y-4 tipli qaz sayğacları quraşdırılıb, qəsəbədə 1 ədəd qaz tənzimləyici şkaf qoyulub.
Mərasimdə çıxış edən Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov qəsəbə sakinlərini bu mühüm hadisə münasibətilə təbrik edib. Bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bu günədək rayonun 5 kəndinə təbii qaz verilib. Yaxın günlərdə rayonun daha 10 yaşayış məntəqəsində qaz xəttinin açılışı nəzərdə tutulur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı Tikinti Şöbəsinin rəisi Aydın Hüseynov iştirak edib.