20-ci “Translogistica Caspian” sərgisinin açılışı olub

20-ci “Translogistica Caspian” sərgisinin açılışı olub
# 31 may 2023 18:07 (UTC +04:00)

Bu gün Bakı Ekspo Mərkəzində daha bir beynəlxalq tədbir - 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisinin açılış mərasimi baş tutub.

"APA-Economics" xəbər verir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən sərgi bu il artıq 20-ci yubileyini qeyd edir. 31 may-2 iyun tarixlərində keçirilən sərgi çərçivəsində ilk dəfə olaraq 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” təşkil ediləcək.

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə “Translogistica Caspian” sərgisinin proqramında da öz əksini tapacaq.

Azərbaycan əsrlər boyu Avropadan Asiyaya gedən mühüm ticarət yollarının üzərində yerləşib və ölkədə böyük logistika mərkəzlərinin olması həyati əhəmiyyət kəsb edir. “Translogistica Caspian” sərgisi isə artıq uzun illərdir ki, nəqliyyat sektorunun əsas istiqamətlərini diqqət mərkəzində saxlayır.

“TransLogisticaCaspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Bu ilki tədbirdə aviasiya, dəmir yolları, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq.

Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, yeni əməkdaşlıqlara imza atmaq, yeni şirkətlərin fəaliyyəti ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır. Sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, İsveçrə, Rumıniya, Finlandiya, Rusiya Federasiyası, Belarus Respublikası və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr təşkil ediləcək.

“Translogistica Caspian” sərgisinə rəsmi dəstəyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) göstərir. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu “Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun təşkili zərurətini yaradıb. 2 iyun tarixində Bakı Konqres Mərkəzində keçiriləcək forumda Azərbaycanın dövlət qurumları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat eskpedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları bir araya toplaşacaq. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçuları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvörkinq və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradacaqdır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platforma olacaq.

Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitalı, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunacaq.

Forum çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri keçiriləcəkdir. "Logistika infrastrukturu", "Tranzit Perspektivləri", eləcə də "İnsan kapitalı, peşə təhsili və təlimi (VET)" üzrə müzakirələr aparılacaq.

1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” Azərbaycan Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)və Yaşıl Dəhliz Xidməti QSC-nin fəal təşkilati dəstəyi ilə keçirilir. Forum eyni zamanda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitərəfindən dəstəklənir.

1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun sponsorları Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC , "Azərbaycan Dəmir Yolları" QSC, "Silk Way West Airlines" aviaşirkəti, “GATE BAKU”,GBL Group QSC və “Sinara Transport Machines”dir.

Forumun təşkilatçıları isə Caspian Event Organisers şirkəti və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR