“AITF” sərgisi 2024-cü ildə yubileyini qeyd edəcək

“AITF” sərgisi 2024-cü ildə yubileyini qeyd edəcək
# 13 sentyabr 2023 12:51 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF” 2024-cü ildə yubileyini qeyd edəcək. Növbəti ilin 3-5 aprel tarixlərində keçiriləcək sərgi artıq 20-ci dəfə öz qapılarını turizm sahəsinin peşəkarları üçün açıq elan edəcək.

APA-Economics” xəbər verir ki, sərgi Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

Turizm sahəsində regionun əsas tədbiri olan “AITF” hər il qlobal turizm sektorunun minlərlə mütəxəssisini eyni peşəkar platformada bir araya gətirir. Sərgi ilk dəfə keçirildiyi 2002-ci ildən etibarən özünü turizm sektorunun qovşağı – səyahətlərə həsr olunmuş məkan, yeni işgüzar görüşlərin keçirildiyi, qarşılıqlı faydalı sazişlərin imzalandığı, eləcə də turizm üzrə yeni proqram və marşrutların nümayiş olunduğu yer kimi doğrultmuşdur.

19 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrilmiş sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini araya toplayaraq, regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirir.

Ölkə rəhbərliyi tərəfindən həm turizmə, həm də “AITF” sərgisinə göstərilən xüsusi diqqət, ölkə başçısının sərgini ziyarət etməsi turizm sahəsinin inkişafına və bu sahədə biznes əlaqələrinin genişləndirilməsinə əlavə təkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif illərdə təşkil edilmiş bu sərgini ziyarət etmiş, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olmuşdur.

“AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirmişdir. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya toplayıb. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirib.

2023-cü ildə sərgiyə 15 ölkədən 50 iştirakçı qatılmışdır. Sərgidə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Malaziya, Polşa, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və Tunisdən olan şirkətlər təmsil olunub. “AITF” sərgisinə ənənəvi olaraq xarici ölkələr milli stendlərlə qatılırlar. Bu ilki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edib. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün Baş sponsoru qismində çıxış edib, Özbəkistan isə tərəfdaş ölkə olub.

“AITF 2023” sərgisinin rəsmi dəstəkçisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olmuşdur. Sərginin açılış mərasimində dövlət və özəl sektorun nümayəndələri, bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, həmçinin Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru iştirak ediblər.

2023-cü ildə keçirilən sərgiyə Azərbaycanla yanaşı Özbəkistan, Rusiya, Gürcüstan, Qırğızıstan, Belarus, BƏƏ, Almaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrdən 3000-dən çox ziyarətçi qatılıb.

Sərgi çərçivəsində təşkil edilən B2B görüşlər iştirakçılara aparıcı yerli turizm şirkətləri ilə əlaqə qurmaq, işgüzar təcrübə mübadiləsi aparmaq və turizm biznesinin yeni imkanlarını öyrənmək üçün əlavə fürsət verib. Sərginin keçirildiyi günlərdə 32 dəvət edilmiş turizm şirkəti və 14 eksponentin iştirakı ilə 100-ə qədər B2B görüş keçirilib.

Qeyd etmək lazımdır ki, “AITF” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən keyfiyyət nişanına layiq görülüb. UFI tərəfindən sərgilərin keyfiyyət nişanı ilə təltif edilməsi onların bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanmasından sonra baş verir. Bu təşkilata üzvlük “AITF” sərgisinin beynəlxalq statusunun möhkəmlənməsinə xidmət edir.

“AITF 2023” sərgisinin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərgi ilə bağlı yenilikləri sosial şəbəkələrdə və www.aitf.az rəsmi internet saytında izləmək mümkündür.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR