“Medinex” və “Beauty Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

“Medinex” və “Beauty Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
# 31 oktyabr 2023 13:32 (UTC +04:00)

31 oktyabr tarixində regionun tibb sahəsindəki əhəmiyyətli tədbirlərindən olan “Medinex” 2023 və “Beauty Azerbaijan” 2023 sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, “Medinex” və “Beauty Azerbaijan” sərgilərinin layihə rəhbəri Fərrux Əhmədov iştirak edib.

Mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri və sərgilərin təşkilat komitəsinin üzvləri də qatılıb.

Bu il noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək. Bu tədbir çərçivəsində, gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunacaq.

Bu sərgilər yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaqdır.

İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. kimi ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO", “Arash Medical Company”, “ASMEDİCAL”, “Labservis LTD”, “IHG” (International Health Group), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirəcək. Bu il xüsusi olaraq sərgidə Belarus, Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri - Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edəcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” 2023 sərgisinin rəsmi dəstəkçisidirlər.

Sərginin gümüş sponsoru “Zeytun Pharmceuticals” şirkətidir.

Beləliklə, beynəlxalq iştirakçıların da yer alacağı sərgilər sənaye mütəxəssislərini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradacaq.

Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Sərgilərlə bağlı məlumatı sərgilərin internet səhifələrindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür: www.medinex.az , www.beautyexpo.az .

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR