"Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomu və kitabının təqdimat mərasimi keçirilib

"Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomu və kitabının təqdimat mərasimi keçirilib
# 27 noyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Kaspi" təhsil şirkətinin və "Kaspi" qəzetinin təşkilatçılığı ilə "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomunun və kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə öncə fotoalbomla bağlı videoçarx nümayiş etdirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, o, Azərbaycan ədəbiyyatının ən böyük şəxsiyyətlərindən və romantizmin banilərindən biridir.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi 2014-cü ilin yayında elan edilib və müsabiqə müddətində 100-ə yaxın yazı qəbul olunub: "Münsiflər tərəfindən seçilmiş 31 məqalə "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsi kitabına daxil edilib və qaliblər müəyyənləşib. Qəzetimiz yarandığı gündən maarifçiliklə məşğul olub və bu proses davam edir".

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda H. Cavid irsinin araşdırılması və təbliği üçün bütün imkanlar yaradılıb: "Hüseyn Cavidin nəşinin Azərbaycan gətirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu, Azərbaycan ədəbiyyatına və Hüseyn Cavidə verilən ən böyük qiymət idi. Hüseyn Cavidlə bağlı dünya ölkələrində tədbirlərin təşkili də cavidşünaslıqda yeni bir mərhələdir".

Professor Kamran Əliyev də H. Cavid yaradıcılığını və təbliğini yüksək qiymətləndirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında "Kaspi" qəzetinin təşkilatçılığı ilə H. Cavidin əsərlərinin 3 dilə tərcümə olunduğunu və təbliğ edildiyini diqqətə çatdırıb. O bildirib ki, H. Cavid irsinin araşdırılması və təbliğində "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevanın xidmətləri misilsizdir.

Sonda "Hüseyn Cavid. Vətənə qayıdış" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR