2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaq

2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaq
# 16 iyul 2014 14:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin birinci yarım ili ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb.

Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Bakı şəhərinin 5 rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) tam əhatə edən 46,5 min hektar ərazidə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Paralel olaraq respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşmaq üzrədir. Eyni zamanda Almaniya hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin bütün ərazisini əhatə edən tam məzmunlu kadastr işlərinə başlanılıb.

Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrasına başlanıb. 2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaq. Bu il martın 1-dən Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq.

Ümumilikdə bu ilin iyul ayınadək Bakı şəhəri üzrə 1 325 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 128 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Sumqayıt şəhəri üzrə 70 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı və 69 küçə və prospektdəki obyektlərin daxili ünvanı, Gəncə şəhəri üzrə 684 küçə və prospektlərdəki obyektlərin giriş ünvanı təyin edilib. Ötən dövr ərzində ünvan lövhələrinin istehsalı və quraşdırılması işi davam etdirilib. Bakı şəhərinin 151 küçə və prospektində (5281 ədəd bina ünvan lövhəsi və 24933 ədəd giriş lövhəsi) daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri quraşdırılıb. Bakı şəhəri üzrə park informasiya lövhələrinin və küçə istiqamət nişanlarının quraşdırılması işlərinə başlanılıb. Bakı şəhəri üzrə 15 ədəd küçə istiqamət nişanı quraşdırılıb.

Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Tapşırıqlar əsasən komitənin bütün struktur bölmə və qurumlarında müasir iş metodlarının tətbiqi, şəffaflığın və səmərəliliyin artırılması, elektron və onlayn xidmətlərin, qeydiyyat xidmətləri ilə bağlı mobil ofislərin sürətlə genişləndirilməsi barədə olub. Həmçinin, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunvericilik layihələrinin hazırlanması, İKT tədbirlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tapşırıqlar verilib.

Komitə sədrinin 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar komitənin səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsində müasir metodların və güclü nəzarət mexanizminin tətbiqi istiqamətində ciddi tapşırıqları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR