AMEA elmi müəssisə və təşkilatlarının, regional bölmələrinin nizamnamə və əsasnamələri dəyişdiriləcək

AMEA elmi müəssisə və təşkilatlarının, regional bölmələrinin nizamnamə və əsasnamələri dəyişdiriləcək
# 21 yanvar 2015 13:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinə əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin aparatı adlandırılacaq”.

APA-nın məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib. Vitse-prezident bildirib ki, akademiyanın Rəyasət Heyətindən başqa onun institutlarında aparat strukturu yoxdur. Onun sözlərinə görə, belə olan halda AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının AMEA Rəyasət Heyətinin aparatı adlandırılması daha məqsədəuyğun olardı.

İclasda Nizamnaməyə uyğun olaraq, AMEA Rəyasət Heyəti aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin nizamnamə və əsasnamələrinin dəyişdirilməsi qərara alınıb. AMEA prezidenti Akif Əlizadə tapşırıq verib ki, institutların yeni nizamnamələri hazırlansın. Həmin nizamnamələr təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndəriləcək.

İ. Həbibbəyli bildirib ki, AMEA-nın İctimai və Humanitar Elmlər bölməsi iki hissəyə ayrılacaq. Onun sözlərinə görə, bundan sonra bu bölmələrə hansı institutların daxil ediləcəyi müəyyənləşdirilməlidir.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR