Azərbaycan III Astana İqtisadi Forumunda iştirak edib

Azərbaycan III Astana İqtisadi Forumunda iştirak edib
# 12 iyul 2010 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutun nümayəndə heyəti Astanada (Qazaxıstan) keçirilən III Astana İqtisadi Forumunda iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildən başlayaraq hər il keçirilən tədbirin builki mövzusu «Böhrandan sonrakı dövrdə dayanıqlı iqtisadi artım» məsələlərinə həsr edilib. Forumda 70-dən artıq ölkədən iqtisadi və işgüzar dairələrin nümayəndələri, siyasi və ictimai xadimlər, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri, tanınmış iqtisadçı alimlər və ekspertlər daxil olmaqla ümumilikdə 2 500-dən çox nümayəndə iştirak edib. İki gün davam edən Forum çərçivəsində 17 iclas keçirilib, bir sıra sənədlər imzalanıb.

Tədbirdə Qazaxıstanla bağlı 20-dən çox innovasiya tədqiqatı və 50-dən çox innovasiya layihəsi, həmçinin 2010-2014-cü illər üçün Qazaxıstanın sənayeləşdirilməsi Xəritəsi, 2015-ci ilə qədər investisiya proseslərinin idarə edilməsinin informasiya sisteminin əsasında bu ölkənin istehsal obyektlərinin səmərəli yerləşdirilməsi Sxemi nümayiş etdirilib, ölkədə və dünyada baş verən iqtisadi proseslərin operativ monitorinqi sisteminin təqdimatı keçirilib.

Azərbaycan nümayəndə heyətinin tərkibinə İqtisadi İnkişaf Nazirliyini İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və institutun elmi katibi Gülnarə Nuriyeva da olub. İnstitutun əməkdaşları Forum çərçivəsində aparılan müzakirələrdə iştirak edərək Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və qazanılmış uğurlar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində İnstitutun nümayəndələri Qazaxıstanın və digər ölkələrin müvafiq elmi strukturları ilə gələcəkdə daha geniş əməkdaşlıq məqsədilə müzakirələr aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR