Paşha Bank
Bank Of Baku

Azərbaycanda hicab və niqab qadağası yoxdur: Məktəblərdə geyim qaydaları dünyəviliyə əsaslanır - TƏHLİL

Azərbaycanda hicab və niqab qadağası yoxdur: Məktəblərdə geyim qaydaları dünyəviliyə əsaslanır - TƏHLİL
# 12 oktyabr 2026 16:18 (UTC +04:00)

Azərbaycanda hicab və niqaba qadağanın tətbiq edildiyini barədə əsassız fikirlər səslənir. Dövlət orqanlarında başı örtülü insanların çalışması, ali təhsil müəssisələrində başı örtülü tələbələrin təhsil alması məsələyə ümumi qadağa kontekstindən yanaşmağın doğru olmadığını bir daha göstərir. Hazırkı gündəm isə konkret olaraq dövlət ümumi təhsil müəssisələrində - orta məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ilə bağlıdır.
Bu fərq prinsipial əhəmiyyət daşıyır. Çünki dövlət orqanlarında çalışan şəxslərin geyim normaları, ali təhsil müəssisələrində tələbələrə tətbiq edilən qaydalar və ümumi təhsil məktəblərində şagirdlər üçün müəyyənləşdirilmiş tələblər eyni şey deyil. Hər birinin öz fəaliyyət xüsusiyyətləri, hüquqi çərçivəsi və təşkilati qaydaları var. Buna görə də orta məktəblərdəki geyim tələblərini bütün ölkəyə, bütün təhsil pillələrinə və ya ictimai məkanlara şamil olunan dini geyim qadağası kimi təqdim etmək məsələnin mahiyyətini təhrif etmək deməkdir.
Nazirlər Kabinetinin şagirdlərin geyim formaları ilə bağlı qərarında müəyyən edilmiş formanın vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə məhdudiyyət nəzərdə tutulur. Müəllimlər üçün isə ayrıca geyim tələbləri müəyyənləşdirilib. Beləliklə, söhbət ümumi qadağadan deyil, dövlət ümumi təhsil müəssisələrində qüvvədə olan normativ qaydaların tətbiqindən gedir.

Dünyəvilik prinsipi ümumi təhsilin əsaslarından biridir

Azərbaycanın təhsil qanunvericiliyində millilik və dünyəvilik prinsipləri mühüm yer tutur. “Təhsil haqqında” Qanunun 3-cü maddəsində bu prinsiplər təhsil sahəsində dövlət siyasətinin əsasları sırasında müəyyənləşdirilib. Ümumi təhsil sisteminin dünyəvi xarakteri məktəbin hər hansı dini dünyagörüşünün üstün mövqedə olduğu məkan deyil, bütün şagirdlərin ümumi təhsil standartları əsasında bilik və bacarıqlar qazandığı müəssisə kimi fəaliyyət göstərməsini nəzərdə tutur.
Burada əsas məsələ təhsil müəssisəsində hamı üçün müəyyən edilmiş ümumi qaydaların qorunmasıdır. İnsanların dini etiqad azadlığı ilə məktəblərdəki geyim tələbləri ayrı-ayrı hüquqi məsələlərdir. Bu səbəbdən dünyəvilik prinsipini izah edərkən həm qanunvericiliyin məqsədini, həm də konkret normativ tələblərin əhatə dairəsini nəzərə almaq lazımdır.
Eyni zamanda, dünyəvilik milli-mənəvi dəyərlərdən imtina demək deyil. Nazirlər Kabinetinin şagirdlərin geyim formaları ilə bağlı qərarında Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə əlaqədar tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə edilməsinə imkan yaradılır. Bu müddəa göstərir ki, məqsəd milli irsi təhsil mühitindən kənarlaşdırmaq deyil, geyim məsələsini müəyyən edilmiş qaydalar çərçivəsində tənzimləməkdir.

Niyə orta məktəblərdə vahid geyim yanaşması tətbiq olunur?

Orta məktəb uşaqların yalnız bilik aldığı deyil, həm də şəxsiyyət kimi formalaşdığı, ictimai münasibətləri öyrəndiyi və kollektivdə davranış vərdişləri qazandığı mühüm sosial institutdur. Buna görə də məktəbdə daxili nizam-intizamın qorunması, şagirdlər arasında bərabər münasibətlərin təşviqi və vahid təşkilati mühitin yaradılması təhsil siyasətinin əhəmiyyətli istiqamətlərindəndir.
Vahid məktəbli forması şagirdlərdə məktəb kollektivinə aidlik hissini gücləndirə, ümumi qaydalara əməl etmək vərdişinin formalaşmasına kömək göstərə bilər. Geyim üzərindən maddi imkanların nümayiş etdirilməsinin məhdudlaşdırılması da sosial fərqlərin məktəb mühitinə təsirini azaltmağa şərait yaradır. Bu, xüsusilə müxtəlif sosial-iqtisadi vəziyyətə malik ailələrdən gələn uşaqların eyni təhsil mühitində təhsil aldığı nəzərə alınanda əhəmiyyətlidir.
Təbii ki, vahid forma sosial bərabərsizliyin bütün səbəblərini aradan qaldırmır. Lakin geyimlə bağlı rəqabətin və müqayisələrin azaldılması şagirdlərin diqqətinin daha çox təhsilə, biliklərə və şəxsi bacarıqlara yönəlməsinə kömək edə bilər. Beləliklə, geyim qaydaları yalnız zahiri görünüşlə bağlı tələb deyil, həm də məktəbin sosial mühitini formalaşdıran vasitələrdən biridir.
Orta məktəb şagirdlərə dünyəvi təhsil verir və burada dini geyim tərzləri qəbuledilməzdir.

Müəllim amili

Müzakirənin digər istiqaməti müəllimlərin geyimi ilə bağlıdır. Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu tələblərdə geyimin təmiz, səliqəli, sadə və işgüzar üslubda olması, pedaqoji fəaliyyətə maneə yaratmaması əsas götürülür.
Müəllimlər məktəbdə yalnız bilik ötürən şəxslər deyil, həm də davranışları və ünsiyyət tərzləri ilə şagirdlərə nümunə göstərən pedaqoqlardır. Buna görə onların geyiminə dair müəyyən meyarların olması məktəbdə peşəkar mühitin qorunmasının zəruriliyi ilə bağlıdır. Qaydaların tətbiqində məktəb rəhbərliyinin, Pedaqoji Şuranın və valideynlərin üzərinə də məsuliyyət düşür. Valideynlər uşaqlarının müəyyən edilmiş geyim formasına riayət etməsini təmin etməli, məktəblər isə tələblərin mahiyyətini şagirdlərə izah etməli və mümkün mübahisələri hüquqi normalar çərçivəsində həll etməlidirlər.

Fərqli təhsil pillələri və fəaliyyət sahələri qarışdırılmamalıdır

Dövlət orqanlarında başıörtülü insanların işləməsi və ali təhsil müəssisələrində başıörtülü tələbələrin olması ilə orta məktəblərdə tətbiq edilən geyim qaydaları arasında fərq qoyulmalıdır. Çünki ümumi təhsil məktəblərində uşaqların yaşı, tədris mühitinin xüsusiyyətləri və şagirdlər üçün müəyyən edilmiş vahid forma tələbi ayrıca nəzərə alınır.
Beləliklə, Azərbaycanda orta məktəblərin geyim qaydaları ətrafında müzakirənin əsasını dini geyimlərə ölkə üzrə ümumi qadağa deyil, dövlət ümumi təhsil müəssisələrində vahid geyim tələbləri, dünyəvilik prinsipi və məktəbdaxili nizam-intizam təşkil edir. Məsələyə bu çərçivədə yanaşmaq həm hüquqi dəqiqliyi qorumağa, həm də məktəbin əsas missiyasını - uşaqlara keyfiyyətli təhsil verməyi, onların sosiallaşmasını və məsuliyyətli vətəndaş kimi formalaşmasını ön plana çıxarmağa imkan yaradır.
Yaranmış vəziyyətdən istifadə edərək, süni ajiotaj yaradanların fikirlərinin, bütövlükdə ölkədə guya hicab və niqaba qadağanın tətbiq edildiyi barədə iddiaların heç bir əsası yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR