Ukrayna parlamenti 2004-cü il Konstitusiyasının bərpası haqqında qanun qəbul edib

Ukrayna parlamenti 2004-cü il Konstitusiyasının bərpası haqqında qanun qəbul edib
# 21 fevral 2014 16:38 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Ali Rada parlament-prezident üsul-idarəsini nəzərdə tutan 2004-cü il Konstitusiyasının bərpası haqqında Konstitusiya qanunu qəbul edib. Qəbul olunması üçün minimum 300 səs (üçdə iki) tələb olunan qanunun lehinə 386 deputat səs verib. Səsvermədən sonra deputatlar dövlət himnini oxumağa başlayıblar.

Səsvermədən əvvəl çıxış edən müxalifət lideri Arseni Yasenyuk bildirib ki, bu qanun sayəsində Ali Rada hökuməti formalaşdırmaq, Nazirlər Kabinetinin bütün üzvlərini təyin etmək, hüquq-mühafizə, məhkəmə və digər hakimiyyət qolları üzərində nəzarət hüququ əldə edir: “Ali Rada prezident administrasiyasının bölməsi olmaqdan qurtulmalıdır”.

A. Yasenyuk xatırladıb ki, indiki prezident 2004-cü il Konstitusiyası əsasında seçilsə də, Konstitusiya Məhkəməsi həmin Konstitusiyanın ayrı-ayrı müddəalarını qanunsuz olaraq ləğv edib. Yeni qanuna əsasən 2010-2011-ci illərdə qəbul edilmiş və prezidentə həddən artıq geniş səlahiyyətlər verən 80-dən çox qanunvericilik aktı 5 gün ərzində ləğv olunmalıdır.

“Bu, ölkədə haqq və ədalətin bərpası istiqamətində yalnız ilk addımdır. Biz Ukraynaya sülh və sabitlik gətirmək, onu yenidən inşa etmək, insanların ölümünə səbəb olan qanunsuz əmrlər verənlərin məsuliyyətə cəlb olunması üçün hələ çox iş görməliyik”, - deyə A. Yasenyuk vurğulayıb.

Ali Rada kütləvi etiraz aksiyalarının iştirakçılarının məsuliyyətdən azad olunmasını və onların təqib olunmasına yol verilməməsini nəzərdə tutan qanun da qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR