VİP sədrinin müavini: “Eldəniz Quliyev barışıq üçün bizə “elçilər” göndərib”

VİP sədrinin müavini: “Eldəniz Quliyev barışıq üçün bizə “elçilər” göndərib”
# 15 mart 2014 11:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Məhkəmə qərar verən günə qədər Eldəniz Quliyev bir neçə “elçi” göndərib bağışlanmasını istədi. Çünki ipinin əlində olduğu şəxslərə o qədər də etibar etmirdi. Ən azı hər şeyi öz arşını ilə ölçürdü. Nəyi təkzib eləsə də, “elçi” məsələsini inkar edə bilməz. Kimlərin və hansı formada gəldiyini isə açıq deyə bilərəm”.

Bunu Vətəndaş və İnkişaf Partiyasının sədr (VİP) müavini Cavid Cabbarlı APA-ya göndərdiyi məlumatda qeyd edib.

C. Cabbarlı iddia edir ki, “El” Hərəkatı Məclisinin sədri Eldəniz Quliyevin məhkəməyə qədər barışıq məqsədilə VİP sədri Əli Əliyevin yanına bir neçə adam göndərib: “Çoxlarının tanıdığı Xoşqədəm Cəbrayıloğlu şəxsən özü gəlib Əli Əliyevdən Eldəniz Quliyevin bağışlanmasını xahiş edib. Eldəniz Quliyev ona deyib ki, ağsaqqalsan, Əli Əliyev səni eşidər, düş qabağa bizi barışdır. Əli Əliyev də Xoşqədəm Cəbrayıloğluna cavab verib ki, Eldənizi o halda bağışlayar ki, dediyi söyüşləri geri götürsün, ya da onun tərəfindən xahişə gələnlərə bu söyüşləri özlərinə yaraşdırsın”.

Onun sözlərinə görə, barışıq üçün gələnlər sırasında Hacı Rövşən Əhmədli də olub: “Hacı VİP-in ofisinə gəlib, Əli Əliyevlə 7 saat Eldənizlə bağlı söhbət aparıb. Bu məsələ inkar oluna bilməz. Əslində, Rövşən Xoşqədəmdən fərqli olaraq, Eldəniz tərəfindən göndərildiyini təkzib edib və bildirib ki, öz təşəbbüsü ilə gəlib. Əli Əliyevdən Eldənizlə bağlı söhbətlərə son qoymağı xahiş edib. Əli Əliyev isə Xoşqədəm Cəbaryıloğluna verdiyi cavabı Rövşən Əhmədliyə də deyib”.

E. Quliyev isə APA-ya açıqlamasında C. Cabbaroğlunun iddialarını təkzib edərək, barışıq üçün heç kimi göndərmədiyini deyib: “Adıçəkilən şəxslər Əli Əliyevə nə isə deyiblərsə, bu onları mənim göndərdiyim anlamına gəlməməlidir. Mən onlarla barışmaq fikrində deyiləm”.

Xatırladaq ki, Ə. Əliyev E. Quliyevlə bağlı Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri əsasında cinayət işi açılmasını və həbs edilməsini istəyib. Lakin məhkəmə bu iddianı rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR