İsveçrənin Avropa İnsan Haqları Məhkəməsinin “erməni soyqırımı” ilə bağlı qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq

İsveçrənin Avropa İnsan Haqları Məhkəməsinin “erməni soyqırımı” ilə bağlı qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq
# 04 iyun 2014 14:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə İşçi Partiyasının (İP) lideri Doğu Pərinçəkin şikayətini haqlı görərək “söz və ifadə azadlığını məhdudlaşdırdığına görə” 17 dekabr 2013-cü ildə İsveçrəni məhkum edən Avropa İnsan Haqları Məhkəməsi İsveçrənin apellyasiya şikayətini gündəmə alıb. Məsələ ilə bağlı APA-ya açıqlama verən D. Pərinçəkin vəkili Mehmet Cengiz deyib ki, Strasburq məhkəməsinin qəbul etdiyi son qərar 17 dekabr 2013-də qəbul edilmiş qərarla bağlı olaraq İsveçrənin etirazının qəbulu deyil, sadəcə, gündəliyə daxil edilməsidir.

AİHM-in fəaliyyət mexanizmindən danışan M. Cengiz, D. Pərinçəkin şikayətinin məhkəmənin İkinci Palatası tərəfindən haqlı qəbul edildiyini və hökm verildiyini xatırladıb. Avropa İnsan Haqları Xartiyasının 43-cü maddəsinin şərtlərinə diqqəti cəlb edən M. Cengiz sözlərinə bu şəkildə davam edib: “İsveçrənin etirazı gündəliyə daxil edilib. Bu mərhələdən sonra İsveçrə hökumətinin etiraz ərizəsi bizə göndəriləcək və bizim mövqeyimiz öyrəniləcək. Bizim mövqeyimizi də öyrənildikdən sonra Böyük Palata toplanıb hökm verəcək. Böyük Palatanın hökmü qətidir”.

Xatırladaq ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilən mitinqdə “Erməni soyqırımı beynəlxalq yalandır”- sözlərinə görə İsveçrə polisi tərəfindən nəzarətə alındıqdan sonra dönəmin xarici işlər naziri Abdulla Gülün İsveçrəyə etirazından sonra sərbəst buraxılıb. İsveçrə məhkəməsi D. Pərinçəkə 3 ay həbs cəzası verib, daha sonra həbs cəzası maddi cəriməyə çevrilib. Onun vəkili, İşçi Partiyası sədrinin müavini Mehmet Cengiz 2008-ci ilin iyununda “söz və ifadə azadlığını məhdudlaşdırdığına görə” İsveçrəni AİHM-ə şikayət edib. Türkiyə XİN 15 sentyabr 2011-ci ildə nazir Davudoğlunun imzasıyla AİHM-ə göndərdiyi məktubda D. Pərinçəkin mövqeyini müdafiə edib. 17 dekabr 2013-cü ildə verdiyi hökmlə İsveçrəni məhkum edən AİHM, eyni zamanda, 1915-ci ildə cərəyan etmiş hadisələrin İkinci Dünya müharibəsindəki yəhudi soyqırımıyla oxşarlıq təşkil etmədiyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR