Azərbaycan avarçəkənləri Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar

Azərbaycan avarçəkənləri Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar
# 06 sentyabr 2015 17:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz bu uğura Fransanın Eqebelet şəhərində keçirilən dünya çempionatında imza atıblar.

Bu gün 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında çıxış edən cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq, qalib adını qazanıb.

Nəticədə onlar ümumi sıralamada 7-ci yeri tutublar. Qaydalara əsasən, bu qayıq tipində ilk "11-liy"ə düşənlər Rio-2016-da iştirak hüququna yiyələniblər.

Xatırladaq ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında da Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyası 2015-ci ili 4 olimpiya lisenziyası ilə başa vurub. Lisenziyalar London Olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Qadın kayakçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR