BMT baş katibi: “Dünyada 1 milyard insan əlilliklə yaşayır”

BMT baş katibi: “Dünyada 1 milyard insan əlilliklə yaşayır”
# 03 dekabr 2013 08:14 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. BMT baş katibi Pan Gi Mun Beynəlxalq Əlillər günü münasibətilə müraciət edib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya daxil olan müraciətində baş katib bildirib ki, aramızda 1 milyard insan əlilliklə yaşayır: “Biz əlilliyi olan şəxslərin cəmiyyətin həyatına qoşulması və iştirakı qarşısında duran bütün maneələri ləğv etməli, o cümlədən stiqmanı artıran və ayrı-seçkiliyi möhkəmləndirən münasibətləri dəyişməliyik.

Sentyabr ayında Baş Assambleyanın Əlillik və İnkişaf mövzusunda yüksək səviyyəli yığıncağında Birləşmiş Millətlər Təşkilatının üzv-dövlətləri əlilliyi olan şəxslərin təcrid edilməsinin nəinki onların həyatına, həm də icmaların və bütün cəmiyyətin inkişafına təsirlərini müzakirə ediblər. Onlar əlilliyi ehtiva edən inkişafın dəstəklənməsi üçün milli və beynəlxalq səviyyədə tədbirlərin görülməsi öhdəliklərini bir daha vurğulayıblar.

BMT sistemi bu təşəbbüsləri dəstəkləməkdə davam edəcək. Biz infrastruktur və xidmətlərin hamı üçün inklüziv, ədalətli və dayanıqlı inkişafı dəstəklədiyinə əmin olmaq üçün daha böyük əzmlə çalışmalıyıq.

Buraya əlverişli mühitin yaradılması vasitəsilə əlilliyi olan şəxslərin hüquq və mənafelərinə toxunan proseslərdə konstruktiv iştirakın təmin edilməsi daxildir. Bu məqsədlə biz BMT-nin qərargahında BMT-yə Asan Çıxış Mərkəzini təsis edirik. Mən bütün BMT sistemini və öz tərəfdaşlarımızı bu nümunəni davam etməyə dəvət edirəm.

Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə mən hökumətləri, BMT sisteminin üzvlərini, işgüzar dairələri və vətəndaş cəmiyyətini əlilliyi olan bütün şəxslərin qarşısında duran maneələri aradan qaldırmağa və onlar üçün yeni imkanlara aparan qapıları açmağa çağırıram. Gəlin birlikdə hamı üçün açıq olan cəmiyyət quraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR