BMT-nin baş katibi: “Dünyanın hər yerində diabet xəstəliyinə tutulanların sayında artım müşahidə olunur”

BMT-nin baş katibi: “Dünyanın hər yerində diabet xəstəliyinə tutulanların sayında artım müşahidə olunur”
# 14 noyabr 2013 12:42 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Diabet Günü ilə bağlı müraciət yayıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə dünyanın hər yerində diabet xəstəliyinə tutulanların sayında artım müşahidə olunduğu qeyd olunub: “Bu xəstəlikdən əziyyət çəkənlər arasında cavan və yoxsul insanların sayı artmaqdadır. Hazırda dünyada 350 milyon insan şəkərli diabetlə yaşayır. Bu çox ciddi problemdir, lakin fərdi və birgə səylərimizlə biz diabetin qarşısını almaq və nəzarət etmək üçün tədbirlər görə bilərik.

Bu ilin əvvəlində keçirilən Ümumdünya Səhiyyə Assambleyasında iştirak etmiş ölkələr Qlobal Fəaliyyət Planı qəbul edərək qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədi ilə artıq çəki və bununla əlaqədar yaranan diabetə tutulma hallarının sayında artımı dayandırmaq üçün ölkələrə müraciət ediblər.

İnsanların bir qismində irsi olaraq diabetə tutulma təhlükəsi böyükdür. Bu xəstəliyin daha da genişlənməsinin əsasında insanların qeyri-sağlam həyat tərzi, bazarların və qeyri-sağlam qidaların ticarətinin qloballaşması, urbanizasiyanın sürətlənməsi ilə fiziki fəaliyyət üçün imkanların azalması və əhalinin yaşlanması durur. Artıq çəkiyə səbəb olan pis qidalanma və fiziki hərəkətin azlığı sonradan diabetin artmasına gətirib çıxaran əsas amillərdir.

Körpələr və uşaqlar arasında artıq çəkinin azaldılması mühüm əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bolluq içərisində olan dünyamızda, bu gün bir çox insanın sağlam qida əldə etməsi üçün imkanlar məhduddur. Ölkələr və icmalar tez və asan hazırlanan qidalar əvəzinə, kiçik və ailə təsərrüfatlarını dəstəkləməli, dayanıqlı kənd təsərrüfatını gücləndirməli, insanların sağlam məhsullarla qidalanmasını təşviq etməli və daha fəal fiziki həyat tərzini dəstəkləməlidir.

Biz bu xəstəliyin qarşısının alınmasına çalışmaqla yanaşı, həmçinin ehtiyacı olan insanların tibbi müalicəsini həyata keçirməliyik. Diabet xəstələrinin həyatını xilas edən insulin maddəsinin ilk dəfə istifadə olunmasından demək olar ki, 100 il keçməsinə baxmayaraq, dünyada hələ də bu hormonu əldə edə bilmədiyi üçün ölən insanlar var. Hətta İnsanların bir çoxu diabetli xəstə olduğunu bilmir. Gec diaqnozun qoyulması isə ciddi fəsadlara gətirib çıxarır. Tibbi müalicə qəbul etməmiş diabetli insanlar çox hallarda erkən ürəktutma, iflic və böyrək çatışmazlığından dünyasını dəyişirlər. Bir çoxları görmə qabiliyyətini itirərək və ya bədəninin hansısa nahiyəsinin amputasiyası ilə əlilə çevrilir. Dünya ölkələri diabetli insanların lazımi tibbi preparatları əldə etməsi üçün şəraitin yaxşılaşıdırılması öhdəliyini götürüb və növbəti onillikdə buna nail olunması başqa bir hədəfdir.

Ümumdünya Diabet Günündə, hökumətləri qeyri-yoluxucu xəstəliklərin aradan qaldırılması üçün öhdəliklərə yaxşı əməl etməyə, dayanıqlı qida istehsalı və düzgün qida rasionun gücləndirilməsinə çağrırıram və bütün insanları bu xəstəlikdən qorunması üçün fərdi qaydada mümkün təhlükələri azaltmağa sövq edirəm. Bu hər bir kəsin daha yaxşı yaşamasına və planetimizin daha da dayanıqlı gələcəyinin olmasına töhfə verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR