İlin əvvəlindən idarə, müəssisə və təşkilatlarda 15 minə yaxın halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib

İlin əvvəlindən idarə, müəssisə və təşkilatlarda 15 minə yaxın halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib
# 16 oktyabr 2014 09:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Cari ilin yanvar-sentyabr aylarında dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda 14 774 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar olunub".


APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə keçirdiyi mətbuat konfransında deyib.

F.Əlizadə bildirib ki, əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verilən bu hüquq pozuntuları ilə bağlı olaraq işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə cərimələr tətbiq edilib: "Tətbiq edilmiş ümumi cərimələr 3 437 650 təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,3 dəfə çoxdur. Tətbiq edilmiş ümumi cərimələrdən 41,1 %-i, yəni 1 411 600 manatı dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur. Eyni zamanda, cari ilin 9 ayında qeyri-leqal şəkildə əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6 420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılması təmin olunub”.


Xidmət rəisi dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması zamanı hesabat dövründə ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunduğunu bildirib: “Həmin vəsaitin 388 125 manatı əmək haqları, 19 767 manatı zərərə görə ödənclər, 10 315 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu sahədə aparılan işlərin müsbət nəticəsi kimi iş yerlərində əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının azalması özünü göstərir. Bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz az olub”.


İşəgötürənlərin heç də hamısının işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına ciddi yanaşmamasının təəssüf doğurduğunu qeyd edən F.Əlizadə ona görə də bu sahəyə nəzarətin xeyli artırıldığını vurğulayıb: “Əməyin mühafizəsi tələblərinin ciddi şəkildə pozulduğu bir sıra müəssisələrdə, o cümlədən tikinti obyektlərində işlər əməyin mühafizəsi sahəsində onlarda aşkar olunan nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Bu tədbirlər davam etdiriləcək və işçilərinin həyat və sağlamlığı üçün təhlükəli iş şəraiti olan müəssisələrə qarşı sərt tədbirlər həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR