Azərbaycan və Zimbabve arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Zimbabve arasında əməkdaşlıq imkanları müzakirə edilib
# 11 aprel 2014 14:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbenqeqvi ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir Şahin Mustafayev son illər ərzində Afrika ölkələri, o cümlədən Zimbabve ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu sahədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Nazir bildirib ki, iki ölkə arasında beynəlxalq təşkilatlar səviyyəsində, xüsusilə də BMT çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu iri layihələr barədə məlumat verən nazir Şahin Mustafayev ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, kimya sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

S. Mumbenqeqvi iki ölkə arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etmiş, iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığa dair konkret təkliflər səsləndirib.

O qeyd edib ki, təbii ehtiyatlarla zəngin olan Zimbabve Azərbaycanın istehsalla məşğul olan şirkətləri ilə əməkdaşlıq edə bilər və Zimbabvenin kimya sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırıb.

Sonda S. Mumbenqeqvi Azərbaycanın biznes dairələrini Zimbabveyə səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR