Arif Hacılı: “Qurultayı açıq havada keçirilməyi düşünmürük”

Arif Hacılı: “Qurultayı açıq havada keçirilməyi düşünmürük”
# 30 may 2014 14:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin növbədənkənar toplantısı keçiriləcək”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A. Hacılı Müsavat Partiyasının qurultayının keçirilməsi üçün partiya funksionerləri və bəzi siyasətçilər tərəfindən səslənən təkliflərə münasibət bildirib.

Onun sözlərinə görə, bu fikirlərin heç bir əsası yoxdur: “Bakı Şəhər İcra Hakimiyyəti Bakıda 800-1000 nəfərlik zalların olduğu barədə bizdən daha yaxşı məlumatlıdır və bu qurum asanlıqla, qısa müddətə qurultayın keçirilməsi üçün yer ayıra bilər. Bir tərəfdən bizi qurultayı qəsdən ləngitməkdə ittiham edirlər, digər tərəfdən də qurultay nümayəndələrinin sayının azalması və bu yolla qurultayı partiyanın qərargahında keçirməyi təklif edirlər. Halbuki qurultay nümayəndələrinin sayının azaldılması üçün partiyanın 80-nə yaxın rayon təşkilatında yenidən konfranslar keçirilməlidir ki, bunun üçün də təxminən bir ilə yaxın vaxt lazımdır. Buna görə də təbii ki, bu cür təkliflər məqbul görünmür. Eyni zamanda açıq havada da qurultayın keçirilməsinə ehtiyac yoxdur, biz belə düşünmürük”.

Müsavat funksioneri qeyd edib ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında da bu məsələ intensiv şəkildə müzakirə olunur: “Bu həftə Təşkilat Komitəsində irəli sürülən təkliflər ətrafında da geniş müzakirələr aparıldı və yəqin ki, yenə də bu məsələləri müzakirə etmək üçün komitə növbədən kənar toplanacaq. Problemin həllinin açarı ilk növbədə hakimiyyətin əlindədir. Bakı Şəhər İcra Hakimiyyəti qurultaya yer ayırdıqdan bir neçə həftə sonra biz qurultayımızı keçirməyə hazırıq. Texniki hazırlıqlarımız demək olar ki, başa çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR