Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib

Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib
# 11 dekabr 2013 12:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Hərbi Prokurorluğunda mərhum prezident Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib. Qeyd edib ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. X. Vəliyev həmçinin bildirib ki, Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət dövlətimizin başçısı İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Çıxışının sonunda hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında bu kursun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak etməklə, uğurlu siyasəti daim dəstəkləyəcəkdir.

Mərasimdə H. Əliyevin həyat və fəaliyyətindən bəhs olunan “Vətənə, xalqa həsr edilən ömür” filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR