Bakıda çoxmərtəbəli mənzillərin idarə olunması mərkəzi fəaliyyətə başlayıb

Bakıda çoxmərtəbəli mənzillərin idarə olunması mərkəzi fəaliyyətə başlayıb
# 27 yanvar 2014 16:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda ilk dəfə olaraq Binəqədi rayonunda çoxmərtəbəli mənzillərin idarə edilməsi ilə bağlı Resurs-İnformasiya Mərkəzinin açılışı olub.

Rayon İcra Hakimiyyətindən APA – ya verilən məlumata görə, açılışda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Elşən Əsədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Ramiz Göyüşov, Avropa Birliyinin layihə rəhbəri Jerzi Fişer, hüquqşünas Azad Talıbov, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev və digər şəxslər iştirak edib.

R. Göyüşov Mərkəz barədə məlumat verərək qeyd edib ki, məqsəd Mənzil Məcəlləsinin tələblərinə uyğun yeni idarəetmə prinsipləri barədə əhalinin məlumatlandırılması və onlara müvafiq məsləhətlərin verilməsindən ibarətdir. Onun sözlərinə görə, Mərkəz məsləhət xidmətləri, maarifləndirmə, ictimai məlumatlılıq işləri həyata keçirəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi E. Əsədov mənzil idarəçiliyi sahəsində dövlət siyasəti barədə danışıb. O, Mərkəzin fəaliyyəti ilə bağlı əhaliyə xidmət göstərmək üçün ekspert və mütəxəssislərdən ibarət qrup yaradıldığını bildirib. Avropa Birliyinin mənzil sektorunda islahatların aparılmasında Azərbaycana dəstək layihəsinin rəhbəri Jerzi Fişerr Resurs-İnformasiya Mərkəzinin beynəlxalq təcrübədə geniş istifadə edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR