“Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” adlı pilot layihənin icrası başa çatıb

“Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” adlı pilot layihənin icrası başa çatıb
# 14 iyun 2013 16:54 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Göyçay şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsinin icrası başa çatıb. APA-nın məlumatına görə, iyunun 14-də Yaponiya səfiri Şusuke Vatanabe, rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov pilot layihə əsasında Göyçay şəhərindəki 6 saylı məktəbdə və internat məktəbində inşa edilən müasir sanitar qovşaqla tanış olub, orada müəllim və şagirdlər üçün yaradılan şəraitlə maraqlanıblar.

Ümumi dəyəri 123 min 342 dollar olan bu sınaq layihəsinin uğurundan asılı olaraq gələcəkdə Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Göyçay rayonunda sel və daşqınların nəticələrinin aradan qaldırılması, şəhərin su təchizatı sisteminin yaxşılaşdırılması, Alpoud kənd məktəbi üçün yeni binanın tikintisi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının inzibati binasının əsaslı təmiri və məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması üçün ümumilikdə 444 min 203 dollar vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR