Səməd Seyidov: “Dağlıq Qarabağ münaqişəsi “Şərq tərəfdaşlığı” proqramının inkişafına da əngəl törədir”

Səməd Seyidov: “Dağlıq Qarabağ münaqişəsi “Şərq tərəfdaşlığı” proqramının inkişafına da əngəl törədir”
# 29 noyabr 2013 09:59 (UTC +04:00)

Azərbaycan Dillər Universitetindən APA-ya verilən məlumata görə, S. Seyidov zirvə toplantısı çərçivəsində Avropa ölkələri və Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin iclasının keçirildiyini deyib: “Azərbaycan öz mövqeyini konkret ortaya qoyub və bildirib ki, Azərbaycanın Avropa istiqamətində inteqrasiyası hamı üçün aydın və heç bir mübahisə yaratmayan bir məsələdir. Bu nöqteyi-nəzərdən Avropa strukturları və Avropa dəyərləri məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Avropaya Avropa dəyərlərini mənimsəmək üçün, bu dəyərləri Azərbaycana gətirmək üçün inteqrasiya edir. Bunlar demokratiya, qanunun aliliyi və insan haqlarıdır. Lakin heç bir təşkilata, o cümlədən Avropada olan təşkilatlara bu dəyərləri öz dəyərləri kimi təqdim etmək ixtiyarı verilməməlidir. Yəni Azərbaycanın Avropaya inteqrasiyası hansısa beynəlxalq təşkilatla əlaqələr qurmaq naminə deyil, məhz Avropa dəyərlərini mənimsəmək və həmin sivil ölkələrdə qəbul olunmuş beynəlxalq qanunları, demokratiyanı, insan haqlarını Azərbaycanda yüksək səviyyədə tətbiq etmək üçündür”.

S. Seyidov qeyd edib ki, avropalı tərəfdaşlar “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrdə gedən prosesləri o qədər də ciddi təhlil etmirlər: “Avropa Birliyi, Avropa Parlamenti “Şərq tərəfdaşlığı” üzvləri olan ölkələrdə yalnız problemlər axtarmaqla məşğul olmamalıdır, o cümlədən bu qurumun “Şərq tərəfdaşlığı” proqramının belə ləng və bəzən düzgün olmayan istiqamətdə inkişaf etməsinin səbəbini axtarmalı, düzgün təhlil aparılmalı, məsələ və reallıq düzgün qiymətləndirilməli, ikili standartlar və bu kimi hallar olmamalıdır“.

S. Seyidov Azərbaycan üçün ən mühüm məsələnin Dağlıq Qarabağ məsələsi olduğunu vurğulayıb: “Azərbaycan regionun bütün sağlam qüvvələri ilə əlaqə yaratmaqda maraqlıdır. Lakin təəssüf ki, indiki vəziyyətdə belə regional əməkdaşlığa nail olmaq həlli çətin məsələdir. Dağlıq Qarabağ münaqişəsi bu əlaqələrin qarşısını alır və bu münaqişənin mövcudluğu əlaqələrin inkişafına mane olur. Bunu da yaddan çıxarmaq lazım deyil ki, bu münaqişə “Şərq tərəfdaşlığı” proqramının inkişafına da əngəl törədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR