Rauf Arifoğlu Asəf Quliyevin ittihamlarına cavab verib - YENİLƏNİB

Rauf Arifoğlu Asəf Quliyevin ittihamlarına cavab verib - <span style="color: red;">YENİLƏNİB
# 01 dekabr 2013 16:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefasının səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, A. Quliyev bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, istefa verdiyini görə peşman deyil və bunu doğru qərar hesab edir: “Partiyanın məclislərindəki çıxışımda təklif edirdim ki, AXCP 2011-ci ildən prosesləri təkbaşına idarə etsin və heç bir bloka qoşulmasın. Çünki partiya rəhbərliyinin cəmiyyətdə kifayət qədər nüfuzu vardı. Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Sözsüz ki, mən də partiya rəhbərliyinin bu qərarını qəbul etməli oldum”.

A. Quliyevin sözlərinə görə, Milli Şuranın yaranandan sonra təşkilatda gedən proseslər və qurumun fəaliyyəti onu qane etməyib: “Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim. Təşkilat yaranan gündən, haqqında müxtəlif fikirlər formalaşdı. Eyni zamanda qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdırmaması məndə inamsızlıq yaratdı”.

Qurumun sabiq üzvü qeyd edib ki, Milli Şura yarananda onun əleyhinə olanların quruma cəlb olunması və həmin şəxslərin Cəmil Həsənlinin vəkili təyin olunması yanlış idi. Onun sözlərinə görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsinə etiraz olaraq qurumdan istefa verib: “Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda Milli Şuranın özündə rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı. Nəhayət, qərara gəldim ki, bu gedişlə hər hansı müsbət nəticə əldə etmək olmaz”.

O, Milli Şuradan seçkidən öncə istefa verməsinin səbəbini də açıqlayıb: “Çünki seçkidən sonra verəcəyim istefanın effekti olmayacaqdı. Seçkidən sonra istefa versəydim, bu cəmiyyətdə ajiotaj doğurmayacaqdı və düşünürəm ki, arxadan atılmış daş kimi qiymətləndirəcəkdi”.

A. Quliyev gələcək fəaliyyəti barədə də danışıb. “Xalq arzusu” adlı yeni təşkilat yaradacağını bildirən A. Quliyev qeyd edib ki, əsas məqsəd milli ideologiyanın təbliği istiqamətində fəaliyyət göstərməkdir: “Fikrim fərqli bir düşüncəyə malik təşkilat yaratmaqdı. Əsas məqsədimiz milli ideologiyanın ortaya qoyulmasıdır. Biz heç bir bloka qoşulmayacağıq, lakin hansısa partiya ilə milli ideologiya istiqamətində əməkdaşlıq etməyə hazırıq. Təşkilat qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək niyyətində deyil”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Asəf Quliyevin ittihamlarına cavab olaraq onun yalan dediyini bildirib. Musavat.com saytına danışan baş redaktor “Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram... Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört – basdır etməsin. Böhtanın, yalanın, şərin də bir həddi, heç olmasa məntiqi olar” deyib.

R. Arifoğlu A. Quliyevin iddialarını əsassız adlandırıb və onun fikirlərində məntiq görmədiyini bildirib: “Başqa siyasi xadimlərin, qəzet redaktorunun özlərinə, hədəflərinə uyğun fəaliyyəti digər siyasi funksionerin öz təşkilatından istefasına necə təsir edə bilər; bu dəliliyin, anormallığın bir izahatı varmı? Arif Hacılı, Pənah Hüseyn AXCP rəhbərləridirlər ki, onların fəaliyyəti sənin xoşuna gəlməyəndə təşkilatından çıxıb gedirsən? Yenə Milli Şuradan getməyi birtəhər bağlamaq olar, bəs, AXCP? Hansı məntiqlə bir təşkilatın funksioneri digər təşkilatın rəhbərlərinin açıqlama və siyasi proqramına görə istefa verər?”

R. Arifoğlu deyib ki, Asəf Quliyevin istefasının səbəbi başqadır: “ Onun istefasının səbəbi tamamilə başqadır, özəldir və bu 3 şəxslə heç bir ilgisi yoxdur”.

Baş redkator A. Quliyevi “özünü bitirmiş, siyasi həyatını məhv etmiş” adlandırıb: “Ona baş qoşmamaq da olardı. Lakin görünən budur ki, onun dedikləri bu absurdları ciddi məsələ kimi gündəmə daşıyan iqtidarda və müxalifətdə müəyyən güclər, ona dəstəyini bildirən, gizli himayə edən “keçmiş” silahdaşları da ortaya düşüb. Burada birbaşa hədəf Müsavat Partiyası, onun rəhbərliyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR