"Azərbaycan ədəbi dilinin tətbiqi qüsurları" adlı layihə çərçivəsində keçirilən monitorinqin nəticələri açıqlanıb

"Azərbaycan ədəbi dilinin tətbiqi qüsurları" adlı layihə çərçivəsində keçirilən monitorinqin nəticələri açıqlanıb
# 10 iyun 2014 10:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanasında "Azərbaycan ədəbi dilinin tətbiqi qüsurları" adlı layihə çərçivəsində keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli əvvəlcə layihə haqqında məlumat verib: "Layihənin məqsədi müasir qloballaşma dövründə Azərbaycan dilinin ictimaiyyət tərəfindən tətbiqi zamanı yol verilən qüsurların xarakterinin, diapazonunun müəyyən edilməsi, onların ictimailəşdirilməsi, eyni zamanda adı keçən problemlərin diqqətə çatdırılaraq aradan qaldırılmasına yardım etməkdən ibarətdir".

O bildirib ki, Mirzə Ələkbər Sabir Fondu layihəni bu ilin mart ayından Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirib: "Bu layihənin ilk mərhələsi ötən il də uğurla həyata keçirilib. İndi isə televiziya, radio verilişlərində, internet saytlarında, dərsliklərdə, reklam lövhələrində Azərbaycan ədəbi dilinin pozulması halları ilə bağlı monitorinq keçirmişik. Rastlaşdığımız mənzərə heç də ürəkaçan deyil. Dil haqqında qanunun demək olar ki, bütün maddələrinin pozulmasının şahidi oluruq. Bəzi hallarda isə rastlanan sözlərin mənşəyi və istifadəsi təəccüb və təəssüf hissi doğurur. Bunun qarşısını almaq üçün səhvlərimizi görüb, neqativ halları aradan qaldırmaq lazımdır".

Daha sonra monitorinq zamanı aşkarlanan qüsurlarla bağlı slayd göstərilib.

Qeyd edək ki, tədbirdə ekspert qismində Bakı Dövlət Universitetinin professorları Nəsir Əhmədli və Akxan Bayramoğlu da sözügedən problemlə bağlı çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR