«Təmiz Şəhər» yeni onlayn layihələrini təqdim edib

«Təmiz Şəhər» yeni onlayn layihələrini təqdim edib
# 06 dekabr 2013 13:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün «Təmiz Şəhər» ASC-nin rəsmi internet saytının (www.tamizshahar.az) yenilənmiş versiyası və tullantıların azaldılmasına yönəldilmiş yeni saytın (www.teb.az) təqdimatı keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, eləcə də müxtəlif QHT nümayəndələri iştirak ediblər.

«APA-Economics»in məlumatına görə, «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədbirin açılışında səhmdar cəmiyyətin fəaliyyəti və həyata keçilən layihələr haqda məlumat verib. O, açıq informasiya siyasətinin «Təmiz Şəhər»in prioritet istiqamətlərindən olduğunu qeyd edərək, yenilənmiş internet saytının qurumun fəaliyyəti barədə ictimaiyyətin daha dolğun və asan məlumatlandırılmasına xidmət edəcəyini bildirib.

Tədbir çərçivəsində tullantıların azaldılmasına yönəlmiş www.teb.az ünvanında yerləşən Təkrar Emal Birjasının (TEB) da təqdimatı keçirilib. «Təmiz Şəhər»in şöbə müdiri Oqtay Məmmədov qeyd edib ki, bu portal vasitəsilə istənilən şəxs təkrar emala yararlı xammalı satışa çıxararaq, potensial müştərilərə təqdim edə bilər.

Şöbə müdiri qeyd edib ki, təkrar emal ilə məşğul olan sənaye şirkətlərinin rastlaşdığı başlıca problem xammal təchizatçılarının demək olar ki, olmamasıdır. Bu məsələnin həlli istiqamətində atılan növbəti addım kimi «Təmiz Şəhər» tərəfindən TEB-in elektron portalı yaradılıb. O.Məmmədov tullantıların çeşidlənməsi və təkrar emalının, ümumi həcmin azalmasına, ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal işinin inkişafına zəmin yaratdığını diqqətə çatdırıb, prosesin tullantıların ətraf mühitə mənfi təsirinin azalması kimi üstünlüyünü vurğulayıb.

Tədbir zamanı iştirakçılara hazırlanmaqda olan www.tulantim.az internet səhifəsi haqda da məlumat verilib. Bu portalın əsas məqsədi evlərdə olan və artıq istifadə olunmayan, lakin kiminsə ehtiyacını ödəyə biləcək əşyaların tullantı kimi atılmasının qarşısını almaq, bu əşyaları digər istifadəçilərə təklif etməkdir. «Bir şəxs üçün lazımsız əşya, digəri üçün gərəkli ola bilər» şüarı altında hazırlanan portal həm tullantıların miqdarını azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini inkişaf etdirməyə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR