Vergilər Nazirliyinin paytaxtda yeni xidmət mərkəzi açılıb

Vergilər Nazirliyinin paytaxtda yeni xidmət mərkəzi açılıb
# 12 noyabr 2013 14:22 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Bu gün Vergilər Nazirliyinin Bakı şəhərində yeni istifadəyə verilmiş Vergi ödəyicilərinə Xidmət Mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün «Açıq qapı günü» keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, Mərkəzin inzibati binası, iş otaqları xidmət və təhlil otaqları ilə təmin olunub.

Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədovun sözlərinə görə, bu sistem vergi ödəyicilərinə vergilərin könüllü ödənilməsinə və sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Paytaxtın Mirəli Qaşqay küçəsi,56 ünvanında yerləşən yeni mərkəz Bakı şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xidmət göstərəcək.

Bu mərkəzdə vətəndaşlar üçün elektron qeydiyyatın aparılması, təsərrüfat subyektlərinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesab və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab fakturalarının göndərilməsi, və digər xidmətlərdən istifadə imkanları yaradılıb. Burada həmçinin vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar, vergi ödəyicilərinin şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı, vergi bəyannamələri və onun tətbiqi barədə məlumatlar verilir.

Qeyd edək ki, əvvəllər Vergilər Nazirliyinin inzibati binasında fəaliyyət göstərən 195 Çağrı Mərkəzi də bu binaya köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR