Azərbaycanda vəba xəstəliyi ilə bağlı epidemioloji vəziyyət stabil olaraq qalır

Azərbaycanda vəba xəstəliyi ilə bağlı epidemioloji vəziyyət stabil olaraq qalır
# 03 oktyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycanda vəba xəstəliyi ilə bağlı epidemioloji vəziyyət stabil olaraq qalır, heç bir təhlükə gözlənilmir.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov deyib.

O bildirib ki, Azərbaycanda belə xəstəliklərin yayılmasının qarşısının alınması üçün hər il güclü profilaktik tədbirlərin görülür: “Hazırda respublikada vəba xəstəliyinin labarator müayinəsi aparılır. Ümumiyyətlə, hər il mayın 1-dən oktyabrın sonunadək həftədə bir dəfə olmaq şərti ilə açıq su mənbələrindən nümunələr götürülərək vəba xəstəliyinə görə yoxlanılır. Eyni zamanda kəskin bağırsaq infeksiyalı xəstələr də ilboyu vəba xəstəliyinə görə yoxlanılırlar. Bu günə qədər nə su nümunələrindən, nə də kəskin bağırsaq infeksiyası olan xəstələrdən vəba xəstəliyinin törədicisi olan vəba vibrionları aşkar edilməyib”.

Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri onu da əlavə edib ki, vəba xəstəliyinin aşkarlandığı İran İslam Respublikasına gediş-gəlişlə əlaqədar sərhəd-keçid məntəqələrində sanitar karantin məntəqələri fəaliyyət göstərir: “Bu məntəqələrdə istər İrana gedən, istərsə də İrandan ölkəmizə gələn vətəndaşlar daima diqqətdə saxlanılır. Onların üzərində müşahidə aparılır. Belə ki, İrana gedən insanlara müəyyən tövsiyələr verilir. İrandan gələn insanlar isə sorğu olunur. Əgər şübhəli şəxs aşkar edilərsə, lazımı tibb müəssisələrində onlar təcrid olunur. Bu günə qədər sanitar karantin məntəqələrində sorğuya cəlb olunan xəstələr arasında vəbaya şübhəli xəstə aşkar olunmayıb”.

Qeyd edək ki, İranda ümumilikdə 179 nəfərin vəba xəstəliyinə yoluxduğu müəyyən olunub və həmin şəxslərdən 5 nəfəri ölüb. Ermənistan mediasında yayılan informasiyalara görə, artıq Ermənistanın Səhiyyə Nazirliyi sərhəd-keçid məntəqələrində profilaktik tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR